Əhməd Əhmədovun qardaşı hakim qarşısına çıxarıldı- ADAM GİROV SAXLAYIB, PUL TƏLƏB EDİRİMİŞ

Əhməd Əhmədovun qardaşı hakim qarşısına çıxarıldı

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı hakim qarşısına çıxarılıb.

Gununsesi.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmiş Rəşad Tahirov mülki iddia qaldırıb. O, dəymiş 140 min ziyanın ödənilməsini istəyib.

Təqsirləndirilən Əvəz Əvəzovun vəkili cinayət işinə xitam verilməsi və müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib.

Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən hər iki vəsatət təmin edilməyib. Məhkəmənin baxış iclası dekabrın 19-na təyin edilib.

Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir. Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.

Xatırladaq ki, Əvəz Əhmədov qardaşı, general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib.

COMMENTS