“Əli Əsədov ona göstərilən növbəti etimadı tam doğruldacaq”– KOMİTƏ SƏDRİ

“Əli Əsədov ona göstərilən növbəti etimadı tam doğruldacaq”

“Əli Əsədov istedadlı alim, gözəl ziyalı, səmimi, sadə və təvazökar bir insandır. Hər zaman sadəliyi və səmimiliyi ilə seçilib, fərqlənib. Fəaliyyətində, davranışlarında hər zaman səmimiyyətə, insanları dinləməyə, onların fikirlərini nəzərə almağa üstünlük verib. Bir dövlət adamı üçün bu, ən vacib şərtlərdən, göstəricilərdəndir…” 

Gununsesi.org xəbər verir ki, Etikxeber.az-ın suallarını Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, parlamentin komitə sədri,  Eldar İbrahimov cavablandırıb:

-Eldar müəllim, Milli Məclisin (MM) dünənki iclasında ölkə Prezidenti İlham Əliyevin təqdimatı ilə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası (PA) rəhbərinin müavini Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirə olundu və  məsələ 105 səslə təsdiqləndi. Bundan bir neçə saat sonra isə ölkə Prezidenti Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Sərəncam imzaladı. Sizin bu təqdimata, təyinata münasibətini necədir?

-Əvvəla, hörmətli Əli Əsədova belə bir yüksək etimadın gösrətilməsini dövlət başçısı tərəfindən onun fəaliyyətinə verilən böyük dəyər kimi qiymətləndirirəm. Eyni zamanda, onun Baş nazir vəzifəsinə təqdim olunmasını müsbət hadisə, uğurlu təqdimat kimi dəyərləndirirəm. Çünki Əli müəllim öz fəaliyyəti ilə belə bir yüksək etimada tam layiq insan idi. O, uzun illərdir ki, ölkə Prezidentinin İqtisdi məsələlər üzrə köməkçisi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin iqtisadi inkişafında böyük xidmətlər göstərmiş bir insandır. Əli müəllim ölkə Prezidentinin birbaşa təşəbbüsü nəticəsində gerçəkləşdirilən, reallığa çevrilən çox mühüm və strateji layihənin,  Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi prosesinə uğurla başçılıq edib.

Həmçinin heç kimə sirr deyil ki, 2000- ci illərin ortalarında Bakı şəhərində aparılan abadlıq, quruculuq işləri cənab Prezidenti qane etmirdi və şəhərdə yenidən qurma işlərinə şəxsən özü rəhbərlik etməyə başladı. Əsas layihələrin icrasını isə Əli müəllimə tapşırdı. Qısa müddət keçəndən sonra bir birinin ardınca artıq şəhərimizin simvollarına çevrilmiş saraylar, ən müasir dünya standartlarına uyğun məktəblər tikildi,çoxsaylı mədəniyyət obyektləri, parklar, abadlaşdırıldı. Bakının tarixi hissəsi restavrasiya olundu və sair. Əli müəllim onun üzərinə qoyulan  bu vəzifənin də öhdəsindən gəlməyi uğurla bacara bildi.  

O,  həmçinin,  digər məsələlərdə də üzərinə düşən işlərin, vəzifələrin öhdəsindən uğurla gəlməyi, ona göstərilən etimadı doğrultmağı bacarıb, ozünü əsl, peşəkar kadr kimi təsdiqləyib. Ən əsası Azərbaycan dövlətinə, dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyev yoluna, siyasətinə və bu yolun, bu siyasətin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevə sadiqliyi və sədaqəti ilə seçilib, tanınıb. Bu da səbəbsiz deyil…

-Nə mənada?

-O mənada ki, Əli Əsədov  Ulu Öndərin qurucusu və banisi  olduğu hakim Yeni Azərbaycan Partiyasının (YAP) yarandığı ilk dövrlərdən, partiyamız hələ müxalifətdə olan zamanlardan özünü bu təşkilatla, Heydər Əliyev  yolu, ideyaları ilə bağlayan insanlardan, partiyadaşlardan biri olub. 1993-cü ildə partiyamızın sıralarına qoşulmaqla, təşkilatda fəallığı ilə seçilən insanlardan biri kimi özünü təsdiqləyib. Əli müəllim partiyamızın  Siyasi Şuranın üzvü kimi indi də YAP-ın Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynamasında fəallığı ilə seçilən partiya finksionerlərimizdəndir.

O, həm də istedadlı alim, gözəl ziyalı, səmimi, sadə və təvazökar bir insandır. Hər zaman sadəliyi və səmimiliyi ilə seçilib, fərqlənib. Fəaliyyətində, davranışlarında hər zaman səmimiyyətə, insanları dinləməyə, onların fikirlərini nəzərə almağa üstünlük verib. Bir dövlət adamı üçün bu, ən vacib şərtlərdən, göstəricilərdəndir. Onun sadəliyi, təvazökarlığı, insanları dinləmək bacarığı, fikirlərini nəzərə almaq keyfiyyəti hər kəs tərəfindən təqdirlə, rəğbətlə qarşılanıb.

Əli müəllim həm də YAP-ı parlamentdə-ilk çağırış Milli Məclisdə təmsil edən fəal və aktiv millət vəkillərindən biri olub. Öz fəaliyyəti ilə qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsində yaxından iştirak edib. Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə görə, ölkə Prezidentinin müvafiq sərəncamları ilə 2012-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Odur ki, Əli Əsədovun xidmətləri, fəaliyyəti nəzərə alınaraq, Azərbaycanın Baş naziri vəzifəsinə layiq bilinib və bununla bağlı ölkə Prezidenti MM-ə müraciət edib. Qeyd edim ki, ölkə  Prezidentin müraciəti parlamentin dünənki iclasında geniş şəkildə müzakirə olunub,  edilən çıxışlarda Əli müəllimin fəaliyyəti təqdirəlayiq hesab edilib, müsbət qiymətləndirilib, ona göstərilən növbəti etimadı da doğruldacağı vurğulanıb. Çıxışlardan sonra Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilib, 105 səslə bu təqdimata müsbət münasibəti ifadə olunub. Bu  baxımdan hesab edirəm ki, Əli müəllim Baş nazir kimi fəaliyyətində də öz işgüzarlığı, peşəkarlığı ilə seçiləcək, ona gösrətilən etimadın öhdəsindən layiqincə gələcək.

Eyni zamanda, ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar prosesinin öz hədəflərinə çatmasında, Azərbaycanın dövlətinin və dövlətçliyinin növbəti mərhələlərdə də inkişafında müsbət addımları və töhfələri ilə seçiləcək. Azərbaycan hökuməti,  Nazirlər Kabineti bundan sonra da dövlət başçısının siyasətinin əsas dəstəkçilərindın biri olacaq. Əli müəllimi uzun müddətdən bəri yaxından tanıyan bir insan kimi onu ürəkdən təbrik edirəm və Azərbaycan hökumətinə rəhbərliyində uğurlar, nailiyyətlər arzu edirəm.

Bir sözlə, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq. Hər kəs buna əmin olsun!

COMMENTS