Əli İnsanovdan xəbər var - SABİQ NAZİR TƏXRİBATI GÖZLƏYİRMİŞ

  • By admin
  • 29 Avqust 2016 09:12
ALİ
Azadlığa çıxmasına 57 gün qalmış əlavə cinayət maddələri ilə təqsirləndirilərək, 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən sabiq səhiyyə naziri Əli İnsanovdan xəbər var. Vəkili Toğrul Babayev onunla təcridxanada görüşüb. 
Gununsesi.info bildirir ki, görüş barədə vəkil “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Əli İnsanov Kürdəxanı təcridxanasında saxlanılır. O, deyir ki, su pulla verilir. Təcridxana çox isti olur. Sərinkeş yoxdur. Digər dustaqlara necə münasibət varsa, təcridxanada Əli İnsanova da elədir. Bizim əlavə cinayət maddələrinin irəli sürülməsi ilə bağlı apellyasiya şikayəti vermək hüququmuz var idi. Amma məsələ burasındadır ki, Əli İnsanovla bağlı qərar həbs qətimkan tədbirinin seçilməsi deyil. Bu etapla əlaqədar seçilib. Onun barəsində oktyabrın 20-ə qədər hökm qərarı var idi. Bununla əlaqədar etap barədə qərar seçdilər, oktyabrın 23-ə qədər. Qərardan şikayət vermədik. Çünki məhkəmə etap barədə qərar verdi, saxlanılması barədə yox. Oktyabrın 23-ə qədər istintaqın bitəcəyi barədə fikir söyləmək çətindir. Bunu ən yaxşı prokuror bilir. Əli İnsanov bütün ittihamları rədd edir. Hesab edir ki, onu həbsdə saxlamaq üçün belə düşünülmüş ssenaridən istifadə edirlər. Onun həbsdən azad olunmasına 57 gün qalmışdı. Hər hansı bir məntiqə uyğun gəlmir ki, 11 il cəza çəkən şəxs azadlığa çıxmasına 57 gün qalmış Penitensiar Xidmətin əməkdaşına bir akta görə, onu cırmaq üçün hücum etsin. Akt cırılıbsa, təzədən yenisi ilə əvəzlənsin. İnandırıcı ola bilməz ki, aktla bağlı əməkdaşa hücum eləsin, onu itələsin, başı divara dəysin. Əli İnsanov bu ittihamların heç birini qəbul etmir.  Əli İnsanovun guya xəsarət yetirdiyi əməkdaşı, yəni Anar Məmmədovu tanımırıq, yalnız onu bilirik ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin işçisidir, zabitdir. Hüquqlarını müdafiə etdiyim şəxs qarşıda keçiriləcək məhkəmədən ədalətli heç nə gözləmir. Son dərəcə sakit və nikbindir. Səhhəti də normaldır. Bizim əvvəldən əlavə cinayət işinin açılacağı barədə ehtimallarımız var idi. Xatırlayırsınızsa, iyun ayında belə bir xəbər mətbuatda yayılmışdı ki, İnsanova qarşı belə bir cinayət işi qaldırılıb. Bu məlumatları təkzib etmişdik. Əli İnsanovla bağlı bu barədə söhbətimiz olanda demişdik ki, son dərəcə ehtiyatlılığı qorumaq lazımdır. O bizə demişdi ki, mən qədər ehtiyatlı olsam da, hər hansı bir əməkdaş, şəxs üzümə durub hansısa hadisəni törətdiyimi deyə bilər, çünki bura qapalı yerdir. Onun 70 yaşı var, alim adamdır. Cəza çəkdiyi 11 illik müddətdə həbsxanada heç bir qanun pozuntusuna yol verməyib. O ki qaldı, kiməsə hücum eləsin, xəsarət yetirsin. Ona qarşı bu cür davranışla bağlı nəsə demək çətindir”.