Əsədin qohumları İspaniyada məhkəmə qarşısına çıxacaqlar – 695 milyon avroluq ittiham

  • By admin
  • 23 Noyabr 2019 09:46

İspaniyada Suriya prezidenti Bəşər Əsədin qohumları 600 milyon avrodan çox pul vəsaitinin yuyulmasında ittiham olunurlar. Noyabrın 22-də İspaniya Milli məhkəməsinin hakiminin qərarı ilə Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin − Bəşərin əmisinin əleyhinə cinayət işi açılıb.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, İspaniya məhkəmə orqanlarının sənədlərinə əsasən, 82 yaşlı Rifat Əsədin səkkiz uşağı və iki həyat yoldaşı da daxil olmaqla daha 13 nəfər ittiham olunur.

Onların 1980-ci illərdən başlayaraq əsasən Malaqada olmaqla İspaniya ərazisində mütəşəkkil “cinayətkar qrup” kimi fəaliyyət göstərdikləri ehtimal olunur.

Sənədlərə əsasən, onlar 695 milyon avro dəyərində olan 507 daşınmaz əmlak obyektinə malik olublar.

Bundan başqa, qruplaşma saxta firmalardan istifadə edərək digər ölkələrdə də fəaliyyət göstərib.

Rifat Əsəd və onun rəhbərlik etdiyi ailə təşkilatına, həmçinin “Boeing 727” təyyarəsi, bir neçə zirehli avtomobil, eləcə də üç gəmi məxsusdur.

Məhkəmə orqanlarının versiyasına görə, hələ 1980-ci illərdə Əsəd Suriyanın dövlət xəzinəsindən təxminən 272 milyon avroya müvafiq məbləği İspaniyaya çıxara bilib.

On gün ərzində İspaniya prokurorluğu bu iş üzrə proses açmalıdır.

Qeyd edək ki, Rifat Əsəd 1983-cü ildə uğursuz hərbi çevriliş cəhdindən sonra Suriyanı tərk etməli olub. Həmin dövrdə o, hakimiyyəti böyük qardaşı Hafez Əsəddən almağa çalışmışdı.

Gununsesi.org