“Əsas hədəf Qarabağla bağlı BMT TŞ qətanamələrinin icrasına nail olmaqdır” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 14 Fevral 2018 16:08
“Azərbaycan dövlətinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasıdır”.
Gununsesi.info  xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva mətbuata açıqlamasında deyib.
S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib.
Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi dəyişməzdir.
«Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun işğaldan azad edəcəyinə dair əminlik yaradır»-deyə, S.Fətəliyeva vurğulayıb.
Gununsesi.info