Əsgərin hökmü…

  • By admin
  • 30 May 2016 21:31

hokm

Əsgər mənim tələbəlik dostum idi. İkimiz də eyni universitetdə təhsil alırdıq. O, hüquq fakültəsində, mən isə jurnalistikada oxuyurdum. Təhsilimizi başa vurduqdan sonra mən qəzetlərin birində müxbir, o isə hüquq firmasında vəkil kimi çalışırdı. Zaman keçdikcə mən məşhurlaşdım və ölkənin ən tanınmış jurnalistlərindən birinə çevrildim. Ölkənin müxtəlif nüfuzlu qəzet və jurnallarında vaxtaşırı məqalələrim çap olunur, televiziyada verilişlər aparırdım. İş o yerə çatmışdı ki, müxtəlif media orqanı rəhbərləri mənə görə düşmən olurdular. O vaxtlar Əsgərlə hələ də sıx əlaqədə idim və dəfələrlə məndən onu verilişlərimə ekspert kimi çağırmağı, onun haqqında yazmağımı xahiş edirdi. Mən isə istəməsəm belə dostluğumuzun xətrinə bu istəklərə boyun əyməli olurdum. Bunun nəticəsi idi ki, Əsgər getdikcə məşhurlaşdı və “tanınmış hüquqşünas”a çevrildi. Bu uğur ona ölkənin hüquq mühafizə orqanlarından birində yüksək vəzifəyə yol açdı. Bu hadisədən sonra onunla görüşlərimizin sayı azaldı və belə demək mümkünsə, Əsgəri unutdum. Jurnalist fəaliyyətim isə öz axarı ilə gedirdi. Mən ölkədə tüğyan edən korrupsiya hallarından, məmur özbaşınalıqlarından, haqsızlıqdan və s. yazırdım və təbii ki, müxtəlif reaksiyalar alırdım. Məlumdur ki, fəaliyyətim bir çox yüksək dairələri narahat edirdi və buna son qoymağım üçün müxtəlif adamlar yüksək məbləğlərdə rüşvət təklif edirdilər. Tələb çox sadə idi – susmaq. İş o yerə çatmışdı ki, hətta bəzi məmurlar jurnalist fəaliyyətimdən əl çəkəcəyim təqdirdə məni bizneslərinə ortaq edəcəklərinə söz verirdilər. Lakin hər dəfə rədd cavabı alırdılar. Məni pulla ələ ala bilməyəcəklərini görüb hədə-qorxu gəlməyə başlamışdılar. Telefonuma gizli nömrələrdən gələn zənglərin sayı artmış, aldığım təhdidlər çoxalmışdı. Üstəlik bir neçə dəfə tanımadığım şəxslər tərəfindən döyülmüşdüm də. Bir gün işə gedərkən iki mülki geyimli şəxs qarşımı kəsdi və məni zorla maşına mindirib birbaşa polis şöbəsinə gətirdilər. Ciblərimi axtararkən oradan kağıza bükülmüş “narkotik maddə”ni tapıb stolun üstünə qoydular. Hadisələr məlum ssenari ilə getdi. İki nəfər tanımadığım şəxs onlardan narkotik aldığımı “etiraf” etdilər və nəticədə həbs edildim. İstintaq uzun çəkmədi. Bir müddət sonra hakim qarşısına çıxdım və hökm oxundu. Ən dəhşətlisi o idi ki, hökmü vaxtilə “reklam” etdiyim Əsgər oxuyurdu. Axı, kim bilməsə də, Əsgər bilirdi mənim heç siqaret belə çəkmədiyimi…

 

Əbil Həsən