19 manata görə taksi sürücüsünü öldürənlər hakim qarşısında

19 manata görə taksi sürücüsünü öldürənlər hakim qarşısında

19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və baxış iclası dekabrın 11-nə təyin edilib.

Bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hadisə bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.

İstintaq hərəkətləri meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulublar.

İlkin məlumata görə 3 nəfər taksi sürücüsünü qarət etmək üçün onun maşınına miniblər. Yolda maşını saxlatdıraraq sürücüdən pul tələb ediblər. Aralarında mübahisə yaranan zaman isə onu bıçaqlayaraq qətlə yetiriblər. Taksi sürücüsünün cibində olan 19 manatı götürərək hadisə yerindən qaçıblar.

COMMENTS