40 min vətəndaş qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcəkmi? - HAFİZ HƏSƏNOV YAZIR

  • By admin
  • 18 İyun 2019 12:50

Bir neçə gün əvvəl Milli Məclis “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsini qəbul edib.

Qeyd edək ki, ölkənin bir sıra ictimai xadimləri parlamentin bu qanununa qarşı çıxıb. Onlar bildirir ki, bu qanun vətəndaşların qanunvericilik təşəbbüsü hüquqlarını məhdudlaşdırır.

Azərbaycanın tanınmış hüquqşünası Hafiz Həsənov da bu qanunla bağlı fikirlərini yazıb.

Gununsesi.org həmin qeydləri təqdim edir:

Seçki hüququna malik 40 min Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququ 18 mart 2009-cu ildə keçirilmiş Konstitusiya dəyişikliklərinə dair Referendumda Konstitusiyaya daxil edilmişdi. Bu hüququn həyata keçirilməsinə dair qanunun qəbulu prosesinə Konstitusiya dəyişikliyindən 10 il sonra başlansa belə, bu təşəbbüs özlüyündə müsbət haldır.

Qeyd edək ki, layihə Milli Məclisin müzakirəsinə çıxarılmazdan əvvəl onun QHT-lərə Dövlət Dəstəyi Şurasının ofisində ictimai müzakirəsi keçirilmişdi və bu müzakirələrdə iştirakçılar tərəfindən xeyli təkliflər verilmişdi.

Lakin layihənin birinci oxunuşda qəbulu ilə bağlı Milli Məclisin internet səhifəsində və mediada gedən məlumatlardan belə məlum olur ki, verilən təkliflər layihədə nəzərə alınmamışdır. Yəqin ki, layihə Milli Məclisin internet səhifəsində yerləşdiriləcək və hamının layihə barədə geniş məlumat əldə etmək imkanı olacaq.

Ümumilikdə 10 maddədən ibarət olan layihə ilə ilkin tanışlıq göstərir ki, layihə indiki variantda qanun halını alarsa, buradakı çoxsaylı məhdudiyyətlər və çətin prosedurlar vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsinə ciddi çətinliklər yaradacaq və bu hüququn reallaşmasını icazəli edəcək.

Layihədə digər qanuvericilik təşəbbüsü subyektlərindən fərqli olaraq seçki hüququna malik 40 min vətəndaşın yalnız qanun layihəsi təqdim etmək təşəbbüsü nəzərdə tutulur və qanunverici orqanın funksiyalarına aid digər məsələlər üzrə qərar layihəsi ilə çıxış etmək təşəbbüsü nəzərdə tutulmur.

Bununla belə layihədə hətta təqdim ediləcək qanun layihələrinin özündə də xeyli məhdudiyyətlər müəyyən edilmişdir. Belə ki, layihəyə görə vətəndaşlar dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası cinayət və ya inzibati xətalar ailə münasibətləri ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələləri ilə bağlı qanun layihələri təqdim edə bilməzlər.

Bunlarla yanaşı vətəndaşlar Konstitusiya qanunlarının layihələrini də irəli sürə bilməzlər. Həmçinin, bir təşəbbüs qrupu yalnız bir qanun layihəsi ilə çıxış edə bilər.

Layihədən aydın olmur ki, Konstitusiya ilə heç bir məhdudiyyət müəyyən edilmədiyi halda digər qanunvericilik təşəbbüsü subyektlərindən fərqli olaraq seçki hüququna malik 40 min vətəndaş hansı hüquqi əsasla Milli Məclisin funksiyalarına aid qərar layihələri, yuxarıda göstərilən məsələlər üzrə qanun layihələri, o cümlədən Konstitusiya qanunu layihələri ilə çıxış edə bilməzlər? Bu məhdudlaşdırmaların bütün qanunvericilik subyektlərinə deyil, yalnız seçki hüququna malik 40 min vətəndaşa aid edilməsi ayrı-seçkilik yaratmırmı?

Konstitusiya ilə yalnız vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə, seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi kimi məsələlər üzrə yalnız refendumun keçirilməsi qadağan edilirsə, seçki hüququna malik 40 min vətəndaşın dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası cinayət və ya inzibati xətalar ailə münasibətləri ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı məsələlər üzrə qanuveicilik təşəbbüsünun məhdudlaşdırılması hansı normativ-hüquqi akta əsaslanır?

Bundan əlavə, Konstitusiya ilə bütün qanunvericilik təşəbbüsü subyektləri üçün “yalnız bir qanun layihəsi təqdim edilə bilər” tələbi qoyulmursa, bu layihədə seçki hüququna malik 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə bağlı məhdudiyyətin müəyyən edilməsi Konstitusiya ilə ziddiyyət təşkil etmirmi?

Əgər bu məhdudiyyətlər bəzi ölkələrin təcrübəsi ilə izah edilirsə, bu yanaşma da düzgün hesab edilə bilməz. Çünki bu cür xarici təcrübələrdə bu hüquq daha geniş mənada – xalqın normayaratma hüququ kimi nəzərdə tutulur və bu, təkcə qanun yaradıcılığını deyil, refefernduma məsələlərin çıxarılmasını da ehtiva edir. Digər tərəfdən hətta bu ölkələrin təcrübəsində də bu qədər məhdulaşdırma yoxdur.

Seçki hüququna malik 40 min vətəndaşın Konstitusiya qanunu layihəsi təşəbbüsü ilə çıxış edə bilməməsi ilə bağlı məhdudiyyətə gəldikdə isə, onu qeyd edək ki, Konstitusiya qanunu layihəsi təşəbbüsü ilə çıxış etmək Konstitusiya və qanunlarla heç bir qanunvericilik təşəbbüsü subyektinə qadağan edilməmişdir.

Onu da qeyd edək ki, Konstitusiya qanunları yalnız Konstitusiyaya əlavələrlə bağlı qanunları əhatə etmir. Hazırda Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavələrlə qəbul edilən Konstitusiya qanunları ilə yanaşı “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”, “Varidata təminat verilməsi haqqında” Konstitusiya qanunları da qəbul edilmişdir.

Layihədə qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupunun yaradılması və qeydiyyatı ilə bağlı qaydalar da əhəmiyyətli dərəcədə çətindir. Belə ki, layihədə təşəbbüs qrupunun yaradılması üçün ən azı 300 nəfərin olması və üzvlərin hər biri haqqında məlumatlar, təşəbbüs qrupunun sədri ilə yanaşı sədr müavinlərinin, habelə 60 seçki dairəsi üzrə koordinatorların seçilməsi nəzərdə tutulur.
Həmçinin, təşəbbüs qrupunun və təklif olunan qanun layihəsinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət ərizəsi ilə birgə xeyli sənədlərin – təşəbbüs qrupunun yaradılması, onun sədri və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorların seçilməsi və layihənin təsdiqi barədə iclas protokolu və həmin protokola əlavə edilən iclas iştirakçılarının siyahısı, layihənin qəbul edilməsi zərurətinin əsaslandırılması, layihəyə dair ekspert rəyləri, layihəni hazırlamış şəxslərin siyahısının təqdim olunması nəzərdə tutulur.

Layihədə qanun layihəsinin dəstəklənməsi üçün imzaların toplanması və yoxlanması ilə bağlı qaydalar da sərtdir. Belə ki, İmzalar yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən toplanmalı, ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır. Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilməlidir.

Buradan aydın olmur ki, qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi üzrə 300 nəfərdən ibarət təşəbbüs qrupunun yaradılmasına nə ehtiyac vardır. Adətən təşəbbüs qruplarının 10 -15 nəfərdən ibarət tərkibə yaraılması ilə bağlı təcrübələrin fonunda 300 nəfərlik təşəbbüs qrupuna nə ehtiyac vardır? Əgər bu say imzaların 60 seçki dairəsindən toplanmasına hesablanmışsa, onda bu tələb özü vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun mayihyyəti ilə ziddiyət təşkil edir. Çünki, təşəbbüs qrupunun irəli sürdüyü qanun layihəsi bir seçki dairəsinin və ya bir neçə seçki dairəsinin seçiciləri tərəfindən dəstəklənə bilər.

Hesab edirik ki, qanun layihəsinin dəstəklənməsi yalnız 60 seçki dairəsinin ərazisini əhatə etdikdə mümkündür tələbi Konstitusiyaya və beynəlxalq hüquqi öhdəliklərə ziddir. Həmçinin, imzalar niyə ancaq təşəbbüs qrupunun üzvləri tərəfindən toplanmalıdır?

Layihədə təşəbbüs qrupunun qeydiyyatı və toplanmış imzaların yoxlanması üzrə hər bir proses üçün 2 aylıq müddətin müəyyən edilməsi də çoxdur. Burada təşəbbüs qrupunun qeydiyyatı üzrə sənədlərin dairəsi də azaldılmalıdır.

Bunlarla yanaşı təşəbbüs qrupunun qeydiyyatının və imzaların yoxlanmasının Mərkəzi Seçki Komissiyası tərəfindən aparılması da qanuni hesab edilə bilməz. Çünki, qannvericilik təşəbbüsü ilə bağlı bu cür məsələlər Milli Məclisin funksiyalarına və səlahiyyətlərinə aid olduğundan mahiyyətcə təşəbbüs qrupunun qeydiyyatı və imzaların yoxlanması da Milli Məclis tərəfindən həyata keçirilməlidir. Mahiyyətcə qanunverici hakimiyyətin funksiyalarına aid olan bu məsələlərin onsuz da dövlət hakimiyyəti orqanları sistemində yerli müəyyən edilməyən Mərkəzi Seçki Komissiyasına ötürülməsi özlyündə hakimiyyət orqanları arasında səlahiyyətlər məsələsində hüquqi mübahisə doğurur.

Bütün bunlarla yanaşı layihədə təşəbbüs qrupunun və qanun layihəsinin qeydiyyatı ilə bağlı elektron müraciət və elektron qeydiyyat, həmçinin electron imzalarla bağlı heç bir qayda və normalar da nəzərdə tutulmamışdır. Hazırda elektron hökumətin təşviqinin dövlət siyasətinin başlıca məsələlərindən biri kimi b’yan edildiyini nəzərə alsaq, layihədə elektron imzalar və elektron qeydiyyatla bağlı müddəaların nəzərdə tutlmaması düzgün hesab edilə bilməz.

Beləliklə, bütün bunlar nəticə etibarı ilə belə bir ümumi sual doğurur: Layihə indiki variantda qəbul ediləcəyi halda seçki hüququna malik 40 min Azərbaycan vətəndaşının qanunvericilik təşbbüsü hüququnun həyata keçirilməsinə hüquqi təminatlar yararadacaqmı? Çox təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil…

Sonda bir məqamı da qeyd edək ki, lahiyə birbaşa insan hüquqları ilə bağlı olduğundan bu layihəyə Avropa Şurası Vensiya Komissiyası tərəfindən rəy verilməsi də vacibdir.

Hafiz Həsənov 
Gununsesi.org