6 tələbənin zəhərləndiyi mənzildən reportaj: yeni versiyalar – Fotolar, Video

  • By admin
  • 26 Noyabr 2019 14:51

Nizami rayonu, Qara Qarayev prospektində kirayədə yaşayan 6 tələbə zəhərlənib. “Yeni Müsavat”ın reportyor qrupu tələbələrin zəhərləndikləri Qara Qarayev prospekti 76, mənzil 28 ünvanında olub və hadisə yerindən reportaj hazırlayıb.

Gununsesi.org həmin repoortjı sizə təqdim edir:

Hadisə yerində olarkən mənzildə Nizami Rayon Prokurorluğunun müstəntiqlərinin istintaq apardığının şahidi olduq. Ev sahibinin yaxın qohumu da mənzildə idi. Onun sözlərindən belə aydın oldu ki, tələbələr müxtəlif ali təhsil ocaqlarında – Xəzər, Bakı Dövlət və İqtisadiyyat universitetlərində təhsil alan qızlardır.

Həmsöhbətimiz bildirdi ki, mənzildə tələbələrin qazdan zəhərlənməsi ehtimalı azdır: “Bura mənim qohumumun mənzilidir. Mənə dedilər ki, belə hadisə baş verib, bura gəldim. Müstəntiqlər araşdırma aparır”.

Həmsöhbətimiz deyir ki, bina mərkəzi istilik sisteminə qoşulduğu üçün qazdan zəhərlənmə ehtimalı azdır. Bununla belə, qızıların mənzildə elektrik qızdırıcılarından istifadə etdiklərini də gizlətmədi.

Onun hamam otağındakı qızdırıcıdan zəhərlənmə ehtimalının olmasına da münasibəti belə oldu: “Qızların hamam otağında zəhərlənməsinə inanmıram. Hamamda 6 qızın birdən zəhərlənməsi mümkün deyil. Müstəntiqlər araşdırırlar”.

Mənzildə olan Nizami Rayon Prokurorluğunun müstəntiqləri suallarımıza həvəssiz cavab verdilər. İstintaqın getdiyini, nəticə haqda məlumat veriləcəyini bildirdilər. Mənzildə 2 müstəntiq vardı. Onlardan biri masa arxasında əyləşmişdi.

Digəri isə mənzildə olan, tələbələrin zəhərlənmə ehtimalını yaradan müxtəlif qidaları nəzərdən keçirib, masanın üzərinə yağırdı. Diqqətimizi masanın üzərindəki 3 litrlik şüşə balon çəkdi. Yarımçıq olan balonun içində xiyar turşusu gözə dəyirdi.

Bundan başqa masa üzərində sitrus meyvələri, qatıq bankası, 4 şpris vardı. Müstəntiqlərin ümumi sözlərindən belə anlaşılırdı ki, tələbələrin xiyar turşusundan zəhərlənmə ehtimalı da diqqətdən keçirilir.

Öyrəndik ki, tələbə qızlar təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzi toksikologiya şöbəsinə aparılıblar. Mərkəzdən “Yeni Müsavat”a verilən məlumata görə, 5 tələbənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilib, onlar evə buraxılıblar. Digər bir tələbənin vəziyyəti isə kafidir. Hələlik onun müalicəsi xəstəxanada davam etdiriləcək.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

 

 

 

 

 

 

Gununsesi.org