7 abituriyent 700 bal topladı

  • By admin
  • 15 May 2018 23:20

Dövlət İmtahan Mərkəzi mayın 13-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 15-də elan edib.

Gununsesi.info xəbər verir ki, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd verən 36559 abituriyentdən 630 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 31 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Gununsesi.info