8 yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi

8 yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi

evv

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) tərəfindən Cəlilabad rayonunda 8 yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.

Gununsesi.info-nun məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə və digərləri çıxış edərək prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısından,  ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığından söz açıblar.

Tədbirdə bildirilib ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən 223 nəfər şəxsə, o cümlədən 140 nəfər  Qarabağ müharibəsi əlilinə, 83 şəhid ailəsinə müasir tələblərə cavab verən yeni mənzillər təqdim olunub. Bu təbəqələrdən olan vətəndaşların  Azərbaycan prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatı da gücləndirilir. Cari ilin yanvar ayında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib.

Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələri onların maddi təminatlarının gücləndirilməsi, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Daha sonra fərdi yaşayış evlərinə baxış olub. Mənzillərdə ailələrin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.

İstifadəyə verilən fərdi yaşayış evlərindən 4-ü Qarabağ müharibəsi əlillərinə, digər 4-ü isə şəhid ailələrinə təqdim olunub.

Gununsesi.info

COMMENTS