“ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir” - SƏFİR

  • By admin
  • 19 Noyabr 2019 19:35
“Azərbaycan hökumətinə yeni təyin olunanlardan bəziləri ABŞ-da təhsil alıb. Fikrimcə, bu, ölkənin xeyrinə olacaq”
Gununsesi.org xəbər verir ki, bu fikri “Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.
“Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin, qanunun aliliyini təmin etməyin vacibliyini dəfələrlə qeyd edib. Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir. Ümidvaram ki, yeni təyin olunan hökumət üzvləri ilə görüşüb islahatlarla bağlı söhbət etmək fürsətim olacaq. ABŞ-da təhsil alan şəxslərin Azərbaycan hökumətində təmsil olunmalarına çox şadam. Onların ABŞ-da təhsil almaları qarşılarında nadir perspektivlər açır, mövcud problemlərin öhdəsindən daha yaxşı gələrək Azərbaycana daha gözəl gələcək təmin etməyə çalışacaqlar”, – səfir deyib.
Gununsesi.org