ABŞ dövlət katibi Rusiyanı ittiham edib

ABŞ dövlət katibi Rusiyanı ittiham edib

ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanın Venesuela siyasətini tənqid edib. O bildirib ki, Rusiya bu ölkədə qanuni Venesuela hakimiyyətinin iradəsinə qarşı çıxaraq “düşmən qüvvə” kimi iştirak edir.

Pompeo Mega TV kanalına müsahibəsində Venesuelaya Rusiya hərbçiləri atılmasını “müdaxilə” və “açıq provokasiya” adlandırıb. Qeyd edək ki, ABŞ hökuməti Venesuelada prezidentliyini qorumağa çalışan Nikolas Maduronu legitim ölkə başçısı kimi tanımır.

Müxalifət lideri və parlamentin sədri Xuan Quaydo bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

ABŞ, Kanada, bir sıra Latın Amerikası və Avropa Birliyi ölkələri isə Venesuela müxalifətinin lideri Xuan Quaydonun tərəfini saxlayır və onu Venesuelanın müvəqqəti legitim prezidenti kimi tanıyıblar.

Kuba, Rusiya, Çin, Türkiyə və bir qrup ölkələr Venesuela böhranında Maduro rejiminin tərəfini saxlayırlar.

Ötən ay Venesuelaya 100-dək Rusiya hərbçisi atıldığı bildirilir. Karakasla Moskva iddia edirlər ki, onlar bundan əvvəl əldə edilmiş hərbi-texniki əməkdaşlıq razılaşmasını həyata keçirmək üçün Venesueladadırlar və orada hərbi baza yaradılmasından söhbət getmir.

Amma Vaşinqton bu addımı qəti şəkildə ittiham edib. ABŞ Maduro rejiminə qarşı bir sıra sanksiyalar tətbiq edib. Aprelin 12-də isə Maduronun yaxın ətrafına viza qadağası da daxil olmaqla yeni sanksiyalar elan edib.

COMMENTS