ABŞ-ın xarici siyasət uğursuzluqları: səbəb Trampdır, yoxsa...

  • By admin
  • 09 İyun 2019 19:57

Politoloq: “Tramp rəhbər kimi yerində deyil…”

Son zamanlar ABŞ-ın öz hegemonluğunu nümayiş etdirmək məqsədilə müxtəlif ölkələrə qarşı təhdid-hədələrini, sanksiyalarını müşahidə edirik. Hər zaman supergüc dövlət olduğunu dünyaya göstərməyə çalışan Birləşmiş Ştatlar Donald Trampın prezidentliyi dövründə bu istiqamət üzrə fəaliyyətini daha da genişləndirib.

Bu xüsusda ABŞ-ın son zamanlar İrana qarşı sanksiyalarını, Türkiyə ilə Suriya, Venesuela mövzularında diplomatik toqquşmalarını göstərə bilərik. Xüsusilə də İran mövzusunda ABŞ dövləti hər şeyi gözə alaraq, müxtəlif ölkələrə hədə gəlib, onun tətbiq etdiyi sanksiyaya əməl edilmədiyi təqdirdə həmin ölkələri sanksiyalarla hədələyib. Son zamanlar ABŞ Çinə də iqtisadi savaş açıb. Xüsusilə də nəhəng Çin şirkəti olan “Huawei” ətrafında yaşananları göstərmək olar.

Ancaq görünən budur ki, ABŞ əksər sanksiyalarını sona qədər tətbiq edə bilmir. Donald Tramp əvvəl dəli-dolu çıxışlar etsə də, bir müddət sonra geriyə addım atır. Ekspertlər bildirirlər ki, artıq ABŞ-ın siyasətini şərh etmək də çətinləşib. Çünki ABŞ dövləti verdiyi qərarlardan qısa müddət sonra vaz keçir.

Bəs bu cür davranış ABŞ dövlətinin zəifliyi, yoxsa Trampın qətiyyətsizliyi ilə bağlıdır?

Картинки по запросу Mübariz Əhmədoğlu

Durumu “Yeni Müsavat”a şərh edən politoloq Mübariz Əhmədoğlu bildirdi ki, bütün bu məsələləri Trampın bacarıqsızlığı kimi nəzərdən keçirmək lazımdır:

“Yəni Tramp komanda formalaşdıra bilmir. Adi bir misal: ABŞ-ın müdafiə naziri kifayət qədər qətiyyətli adam idi, ancaq onu qeyri-müəyyən xarakterli kadra dəyişdi. Hansı ki, bu adam müharibə aparmaq istəyir. Eləcə də dövlət katibi Tillersonun çox güclü dünya görüşü var idi. Ancaq Tramp onu qəbul etmədi. Yəni Tramp rəhbər kimi yerində deyil. Ola bilər ki, fərd olaraq hansısa layihəni çox uğurla icra edə bilər. Söhbət təkcə biznesdən getmir, həm də siyasətdən gedir. Fərdi şəkildə işləyə bilsə də, komanda toplamaq, komanda ilə işləmək bacarığı yoxdur. Eləcə də onun strateji vizionu dardır. Yəni Amerika kimi dövlətdə, prezident ilk növbədə strateji vizionu ilə seçilən adam olmalıdır. Oturuşmuş məmurları isə sərbəst buraxmalıdır. Çünki Amerikada son 50 ildə oturuşmuş məmur aparatı var idi. Trampın dövründə isə onlar da dağıldı. Ona görə də Tramp Meksika ilə bağlı fikir irəli sürdü, hansı ki, bu, əsaslandırılmamış fikir idi. Nəticədə ölkənin daxilində maneəçilik yarandı. Venesuelada da Rusiyanın müdaxiləsi nəticəsində onun planları baş tutmadı. Bu cür yanaşmanı Suriya ilə də bağlı etmək olar. İranla bağlı məsələlər isə bir qədər fərqlidir”.

Картинки по запросу Tramp İranla bağlı mövqeyi

Politoloqa görə, Tramp İranla bağlı mövqeyindən geri çəkilməyib:  “Zərrə qədər də bu, belə deyil. Amerikanın mövqeyində yumşalma İranın mətbuata açıqlamasından sonra baş verdi. İran tərəfi mətbuatı sızdırdı ki, xarici işlər nazirləri təxminin bir ay bundan öncə Kaliforniyada senator demokratla görüşüb. Senator görüşlə bağlı bütün məlumatları ABŞ Dövlət Departamentinə verib. Məhz departamentin razılığı əsasında ABŞ senatoru Cavad Zəriflə görüşüb. Düşünürəm ki, alt qatda ABŞ-la İran arasında danışıqlar gedir. İran ABŞ-ın şərtlərini qəbul etməyə hazırdır. Bu baxımdan İran tərəfindən də hərbi ritorikada dəyişiklik nəzərə çarpır. Eyni zamanda, ABŞ-ın İrana qarşı siyasətinin əsas mahiyyətində İsrail məsələsi dayanır. İsraildə də Netanyahu hökuməti formalaşdıra bilmədi. Əgər hazırda Tramp İrana qarşı müharibə elan etsə, İsrail də yenidən parlament seçkiləri dövrünə daxil olur. Müxtəlif qüvvələr vasitəsilə İsraildəki seçkilərə təsir edə bilərdi. Məsələn, Livandakı Hizbullah, Suriyada müəyyən hərbi əməliyyatlar keçirməklə bunu etmək olardı. Ona görə də düşünürəm ki, Tramp bu kimi səbəblərə görə İrana qarşı taktikasını dəyişib. Trampın İran siyasətini Venesuela, Meksika, Suriya siyasətlərindən ayırmaq lazımdır. Çünki İranı İsrail təhlükə kimi qəbul edir. Ən azından İsrailə qarşı təhlükəni neytrallaşdırmaq üçün Tramp bir formada təhlükəni neytrallaşdırmalıdır”.