ABŞ-ın yeni səfiri enerji və təhlükəsizlik sahəsinə daha çox önəm verəcək - ŞƏRH

  • By admin
  • 13 Mart 2019 10:06

Картинки по запросу Örl Litzenberqer 

Prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.

İ.Əliyev Litzenberqeri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident və səfir Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə ediblər. Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında  dedi ki, ABŞ Azərbaycanla əsas 4 istiqamətdə əməkdaşlıq edir: iqtisadiyyat, enerji, təhlükəsizlik və demokratik institutların inkişafı: “Son illər Vaşinqton Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik sahəsinə daha çox önəm verir. Məsələn, elə prezidentlə görüşdə səfir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyini ABŞ hökuməti yüksək qiymətləndirir. Azərbaycan tək-tük müsəlman ölkələrindəndir ki, Əfqanıstanda ABŞ-ın yanında yer alıb”.

Картинки по запросу Elxan Şahinoğlu

E.Şahinoğlu qeyd etdi ki, ABŞ Azərbaycan qazının Avropaya çatdırılmasında da vacib rol oynayır: “ABŞ, faktiki, Azərbaycana bu məsələdə lobbiçilik edir. ABŞ Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq istəyir. Azərbaycan qazı Avropa üçün önəmli alternativlərdən biridir. Buna görə də Vaşinqton Avropanı Azərbaycan qazını almağa təşviq edir. Bu, Azərbaycanın maraqları ilə də üst-üstə düşür. Təsadüfi deyil ki, prezident İlham Əliyev açıqlamalarında bir neçə dəfə ABŞ-a xüsusi minnətdarlığını bildirib. ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıqda yeganə boşluq Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk Qrupunun 3 həmsədrindən biri olmasına baxmayaraq, son 19 ildə münaqişənin həlli üçün səy göstərmir. Azərbaycan ABŞ-ın səylərini artırmasını istəyir. Yeni səfir əlbəttə ki, Qarabağ mövzusunda daima açıqlama verəcək, ancaq münaqişənin həlli prosesi səfirdən asılı məsələ deyil. Münaqişənin həlli prosesində Dövlət Departamenti fəal rol oynamalıdır ki, onun təyin etdiyi səfir bu istiqamətdə fəallığını artırsın. Fikrimcə, yeni səfir Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik əməkdaşlığına daha çox üstünlük verəcək”.

Gununsesi.org