Adil İsmayılov da Şəhla Hümbətovanın müdafiəsinə qalxdı

  • By admin
  • 30 Noyabr 2019 19:14

Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından uzaqlaşdırılması onun həmkarları arasında narazılığa səbəb olub.
Artıq ölkənin bir neçə tanınmış vəkili Şəhla Hümbətovaya dəstək ifadə edib.
Gununsesi.org bildirir ki, onlardan biri də Adil İsmayılovdur.
Məşhur vəkil özünün sosial şəbəkə hesabında Şəhla Hümbətova ilə bağlı bunları yazıb:

Vəkil Şəhla Hümbətovanın kollegiyadan çıxarılması xəbərini ilk eşidənlərdən olsam da məsələnin təfərrüatlarını bilmədən reaksiya vermədim. Bu gün Şəhla xanım status paylaşıb və məsələni detallı izah edib. Görünən budur ki, hörmətli həmkarımızın özü səhlənkarlığa yol verib, barəsində intizam icraatı başlamaqda və onu cəzalandırmaqda VK RH haqlıdır. Sadəcə verilən cəza həddən ağırdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilməsi nəzərdə tutulur:
irad tutma;
töhmət;
üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması

Qanunda göstərilir ki, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Göründüyü kimi belə demək mümkündürsə bu müstəsna cəza tədbiridir. Heç kim üçün sirr deyil ki, əksər vəkillər üçün vəkillik fəaliyyəti yeganə gəlir mənbəyidir və bu fəaliyyətlə məşğul olmaqdan məhrum edilmə vəkili faktiki olaraq “çörəksiz” qoyur.

Hesab edirəm ki, kollegiyanın rəhbərliyi Şəhla Hümbətovanın üzvlük haqlarını ödəməsi və şikayətçi ilə aralarındakı münaqişənin həll etməsinə şərait yaratmalı, bu məsələlər müsbət həllini tapdığı təqdirdə qəbul etdiyi qərara yenidən baxmalıdır. Yeri gəlmişkən Şəhla xanım mənimlə söhbətində üzvlük haqqını ödəməyə hazır olduğunu bildirib. Ümidvaram ki, rəhbərlik bu məsələyə yenidən baxılması istiqamətində müvafiq addımlar atacaq və humanist qərar qəbul edəcək. Məsələnin müsbət həlli üçün tərəflər arasında vasitəçilik etməyə və əlimdən gələn yardımı etməyə hazıram, həmkarlarımdan da bu işdə yardımçı olmalarını xahiş edirəm.

Gununsesi.org