“AMEA institutlarında qüsurlar aşkarlanıb” - ƏMİNAĞA SADIQOV

  • By admin
  • 16 Oktyabr 2019 22:07
“AMEA institutlarında magistratura ilə bağlı qısa monitorinq apardıq. Burada müəyyən qüsurlar aşkarladıq”.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bunu Rəyasət Heyətinin iclasında AMEA-nın akademik-katibi Əminağa Sadıqov deyib. Onun sözlərinə görə, bəzi institutlarda dərs keçmək üçün xüsusi dərs otaqları yoxdur:
“Həmin otaqlar lövhələr, lazımi avadanlıqlarla təchiz olunmalıdır. Bəzən magistrlər dərsə gəlir, amma müəllim ezamiyyətdə olur. Dərsə gecikən müəllimlər də var. Sillabuslar vaxtında hazırlanmalıdır. Sentyabrın 15-nə qədər dərs cədvəli hazırlanıb təhvil verilməlidir”.
Onun dediyinə görə, ciddi məsələlərdən biri də dərsliklərlə bağlıdır. Ə.Sadıqov bildirib ki, daha keyfiyyətli təhsilə malik olmaq üçün xüsusi dərsliklər hazırlanmalıdır: “Bundan başqa, hər ixtisas üzrə proqramlar olmalıdır”.
Ə.Sadıqov qeyd edib ki, bu il AMEA-nın magistraturasına 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 nəfər qəbul olunub:
“Bu göstəricilər ötən illə müqayisədə iki dəfə artıb. Bundan başqa, tədris prosesinə cəlb olunan müəllimlər AMEA-nın tanınmış alimləri sırasından seçilir. Burada 5 akademik, 19 müxbir üzv, 41 professor olmaqla 66 elmlər doktoru və 101-i dosent olmaqla 127 fəlsəfə doktoru dərs deyir. 2019-cu ildən AMEA-da ödənişli magistr təhsilinə başlanılıb. Magistr hazırlığı 26 elmi-tədqiqat institutu ilə aparılır”.
Akademik-katib əlavə edib ki, magistrlər arasında gizli rəy sorğusuna əsasən, təhsillə bağlı rəylər yüksəkdir. Bu da AMEA-nın magistraturasına marağın yüksək olduğunu göstərir:
“Bildirim ki, bu il AMEA-da plan yerlərinin 87%-i, Bakı Dövlət Universitetində (BDU) isə 81%-i dolub. Bizdə 10 dövlət sifarişli, 8 ödənişli yer boş qalmışdı. Bu yerlər də tutulsaydı, 94 faiz plan yeri dolacaqdı”.