Anar Bağırov vəkilləri hədələdi - DƏRHAL İNTİZAM İCRAATI BAŞLANACAQ

  • By admin
  • 23 Sentyabr 2019 10:49

 

“Təəccüb və təəssüf doğuran haldır ki, vəkil Vəkillər Kollegiyasına bu barədə müraciət etməyib. Belə müraciət olsaydı, dərhal aidiyyatı qurumlara tərəfimizdən rəsmi yazılı müraciət olunardı. Ancaq buna baxmayaraq, vəkillərin marağını qoruyan qurum olaraq bu məlumatın sosial şəbəkədə vəkil Osman Kazımov tərəfindən yayıldığını görən kimi çox narahat oldum”. 

Gununsesi.org bildirir ki, bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Nemət Kərimlinin 16 saylı cəzaçəkmə müəssisəsində təzyiqə məruz qalması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

A.Bağırov bildirib ki, məsələ ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyəti dərhal ilkin araşdırma aparıb və deyilənlər hələ ki, öz təsdiqini tapmayıb: “Belə olan halda vəkilin üzvü olduğu peşə birliyinə deyil, “Facebook” vasitəsilə açıq müraciət etməsi müvəkkilinə müəyyən maraq dairələri tərəfindən diqqət göstərilməsi üçün edilən hərəkət olduğu ehtimal olunur”.

Sədr vəkilləri hüquqi müdafiə vasitələrindən istifadə etməklə müdafiələrini qurmağa çağırıb.

“Vəkil üzvü olduğu heç bir siyasi partiyanın əlində alətə çevrilməməli, mötəbər olmayan, ara qızışdıran, heç bir sübutla təsdiqlənməyən məsuliyyətsiz bəyanatlar yaymamalı, Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun, Vəkillərin etik davranış qaydaları haqqında əsasnamənin tələblərini pozmamalıdır. Bu cür hallara yol verən həmkarlara bir daha xatırladırıq ki, mötəbərliyi və həqiqiliyi təsdiqini tapmayan bəyanatlarla bağlı maraqlı şəxslər tərəfindən Vəkillər Kollegiyasına müraciət olunduğu təqdirdə dərhal intizam icraatı başlanacaq və qanunamüvafiq qaydada hüquqi qiymət veriləcək”, – deyə A.Bağırov vurğulayıb.

Qeyd edək ki, vəkil Nemət Kərimli sosial şəbəkədə 16 saylı cəzaçəkmə müəssisəsində müvəkkili Əfqan Muxtarlı ilə görüşərkən müəssisə əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını və üzərində əsassız  yoxlanış aparıldığını qeyd edib. Həmin yazını təqdim edirik:

“20.09.2019-cu il tarixdə səhər 16 saylı cəzaçəkmə müəssisəsində Əfqan Muxtarlı ilə görüşə getdim. Təxminən 45 dəqiqə gözlədikdən sonra işəri buraxdılar və üzərimdə axtarış aparmaq istədilər. Əvvəl razılaşmasam da, gərginlik yaratmamaq üçün icazə verdim, qanunsuz olaraq ayaqqabımın içini, corablara qədər axtarış etdilər. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, dedilər, axtaracağıq. Kimisə çağırdılar, özünü rəis müavini kimi təqdim edən Emin adlı şəxs gəldi. Yenidən qərar tələb etdim, “hamını axtarırıq, icazəmiz var” dedi, söhbətdən sonra baxış keçirtməyə icazə verdim. Yoxlayıcılar qeydləri oxumaq istədilər, icazə vermədim. Yenidən Emin müdaxilə etdi və dedi ki, rəis səni çağırır, qəbuluna gedək. Mən imtina etdim, o, yəni Emin zorla köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi, “sən kimsən?, bura müəssisədi, sənə göstərərəm, kimə istəsən şikayət et, qəsdən skandal yaradırsan” qışqıra-qışqıra zorla rəisin yanına aparmaq istədi. İmtina etdim, əlimdəki çantanı zorla əlimdən aldı, içərisindəkiləri stolun üstünə tökdü, 2 vərəq başqa məhkəmə prosesindən olan və digər şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar. Demokratik dövlərdə belə hal baş verə bilməz, olsa da neçə nəfər cəzalanar. Bazar ertəsi bu barədə rəsmi şikayət edəcəm”.

Gununsesi.org