Ancelina Coli dünyanı Venesuela qaçqınlarına dəstəyə səslədi

Ancelina Coli dünyanı Venesuela qaçqınlarına dəstəyə səslədi

20 mindən çox venesuelalı uşaq fundamental haqlarından məhrum olmaq üzrədir

Hollivud ulduzu Ancelina Coli beynəlxalq ictimaiyyəti böhranın yaşandığı Venesueladan ən çox miqrant axını ilə qarşılaşmış Cənubi Amerikanın üç ölkəsinə dəstək göstərməyə çağırıb.

O deyib ki, 20 mindən çox venesuelalı uşaq fundamental insan hüquqlarından məhrum olmuş vəziyyətə düşmək riski qarşısındadır.

“Yeni Müsavat” xəbər verir ki, Coli bunları BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi kimi Kolumbiyada söyləyib.

İki günlük səfəri zamanı aktrisa Venesuela miqrantları ilə görüşüb və Kartaxenada Kolumbiya prezidenti İvan Duke ilə görüş keçirib.

Qərb mediası yazır ki, Venesuelada iqtisadi və humanitar böhran səbəbi ilə dörd milyondan çox qaçqın və miqrant ölkəni tərk edib. Onların bir milyondan çoxu Kolumbiyada yaşayır.

Kolumbiya hökuməti və yardım agentlikləri yoxsul və zorakılıq səviyyəsinin yüksək olduğu sərhəd bölgələrinə axışan sayı durmadan artan miqrantları evlə, ərzaq və tibbi xidmətlərlə təmin etmək üçün səy göstərir.

Xarici ölkədə doğulan venesuelalı uşaqların valideynləri çox vaxt ya miqrant sənədləri olmadığına, ya da Venesuelanın sayı getdikcə azalmaqda olan konsulluqlarına getmək imkanına malik olmadıqlarına görə doğulmuş körpəni qeydiyyatdan keçirməkdə çətinlik çəkirlər.

“Mən prezidentlə 20 mindən çox venesuelalı uşağın vətəndaşlığı olmamaq riski qarşısında qaldığı haqda danışdım” – deyə Ancelina bildirib.

“Biz beynəlxalq ictimaiyyətin böhranın əsas ağırlığını daşıyan Kolumbiya, Peru və Ekvadora daha artıq yardım göstərməsi üçün təcili ehtiyacın olduğu haqda razılığa gəldik”, o deyib.

Kolumbiya prezidenti İvan Duke deyib ki, o, Colinin səfərinin dünyaya miqrant böhranının ciddiliyi haqda xəbərdarlıq olacağına ümid edir.

Bildirək ki, dünyada “təbii sərvətlərin lənəti”nə rast gələn ölkələrdən biri də Venesueladır. “Cənubi Amerikanın mirvarisi” adlandırılan Venesuela hazırda özünün ən çətin günlərini yaşayır.

2014-2015-ci illərdə neftin dünya bazar qiymətinin düşməsi ilə başlanan hərtərəfli böhran getdikcə daha da dərinləşməkdə, ölkədə siyasi-iqtisadi proseslərin kəskinləşməsinə gətirməkdədir.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il Venesuelada inflyasiya 1 milyon faizə çatacaq. Ölkədə yaşanan dərin sosial-iqtisadi böhran isə qonşu ölkələrdə də ciddi problemlərə yol açacaq.

BVF hazırda Venesuelada baş verənləri 1923-cü ildə Almaniyada qeydə alınan hiperinflyasiya ilə müqayisə edir.

Qurum Nikolas Maduronun rəhbərlik etdiyi ölkədə bu il Ümumi Daxili Məhsulun 18 faiz azalacağını proqnozlaşdırır.

Bununla da artıq 3-cü ildir ki, Venesuelada iqtisadi azalma qeydə alınmış olacaq. Ölkədəki böhran və işçilərin başqa ölkələrə qaçması üzündən neft istehsalı da getdikcə azalır.

2015-ci ilin yanvarında neft satışından 3 milyard dollar əldə edən Venesuelada 3 ildə bu rəqəm 37 milyon dollara qədər azalıb.

Venesuaela iqtisadiyyatı Maduronun hakimiyyətə gəldiyi 2013-cü ildən bəri iki dəfə kiçilib. Neft hasilatı 1940-cı illərin səviyyəsinə düşüb. Qərb mediası yazır ki, 1999-cu ildə hakimiyyətə gələn Uqo Çavesin sosialistləşdirmə siyasəti nəticəsində transmilli şirkətlər neft sənayesini tərk edir.

Venesuela Dövlət Neft Şirkətinin isə onların boşalan yerini doldurmaq, hasilatı saxlamaq imkanları yoxdur. Paytaxt Karakasda həyat sanki donub. Mağazalar və apteklər boşalıb.

Ölkədə ərzaq və dərman əhaliyə talonla satılır, onları almaq üçünsə səhər saat 6-dan 2-3 kilometrlik növbələr yaranır

COMMENTS