Astanı Aslana döndərən araq

  • By admin
  • 26 Dekabr 2016 16:37

 

parviz

İki gündür mətbuatı və sosial şəbəkələri məşğul edən adam bu gün çıxıb üzr istədi. Söhbət Milli Məclisin deputatı Astan Şahverdiyevdən gedir. O Astan ki, adı kimi fəaliyyəti də adamlarda  heç bir təəssürat doğurmur. Yəni, Milli Məclisə bu adam hansı “okoşka”dan ( deputat rusdillidir deyə belə  yazırıq ki, başa düşsün) gəlib düşüb, bunu bir özü bilir, bir də Allah. İndi hər necə gəlib düşübsə, özü bilər. Heç olmasa düşdüyü yerin dəyərini bilib, ağır oturub, batman gələydi. Daha ağzını Allah yoluna qoyub danışmayaydı. Necə ki, 2005-ci ildən seçildiyi  Milli Məclisdə onu bircə dəfə düz əməlli bir mövzu ətrafında danışdığını görməyiblər.  11 ilin başında sükutu pozanda da adam  belə bir xəta buraxdı. Məsələdən  yəqin ki, hamı xəbərdardır. Amma kimsə agah  deyilsə, onlara hal-qəziyyəni danışaq. Deməli, bir neçə gün əvvəl Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlər elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən aksiya keçiriblər. Hadisəyə polis müdaxilə edib, sakinlərlə  məcburi köçkünlər arasında qarşıdurma yaranıb. Hətta vəziyyət o həddə çatıb ki, 9 polis nəfəri xəsarət alıb. Hər halda rəsmi məlumat belə yayılıb. Astan da durub Cəbrayıldan seçilən deputat kimi bölgəyə gedib. Ondan Biləsuvarda nə baş verdiyini öyrənən mətbuata müsahibəsində isə deputat özünü əməlli-başlı  “yandırıb”. Aksiyada saxlanılanları “yarıy” (azğın) adlandıran  Astan şahverdiyev  Rusiyaya işləmək üçün gedənləri də təhqir edib.”

“...onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüləri də. Rusiyaya gedənlər kimlərdir?  Bizim cəmiyyətin otxodları. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var” .

Belədə deyiblər, adımı sənə qoyum, səni də yana-yana.  Əslində gərək Astan Şahverdiyev bu açıqlamadan sonra mandatını təhvil verəydi.Amma bizdə bu mədəniyyət hələ formalaşmadığından o çıxıb üzr istəyib. Deyib ki,mən rusdilliyəm, öz dilimdə  yaxşı danışa bilmirəm, nə cəza versələr hazıram. Buna deyərlər rəzillik! Adam Füzulidə doğulub, Cəbrayılın Cocuq Mərcanlı kənd məktəbində 10 il orta təhsil alıb.  İndi necə olur ki, bu “cocuq”  rusdilli olur və öz dilində fikrini ifadə edə bilmir? Və yaxud, neyniyək ki,  o  doktorluq dissertasiyasını Moskva Energetika İnstitutunda müdafiə edib, istilik  fizikasını öyrənib?  Əsas məsələ odur ki, ömrünü  istiliyin elmini öyrənməyə həsr edən adam insanlarla isti münasibətlər qura bilmir.  Ona görə atalarımız deyib ki,  alim olmaq asandır, insan olmaq çətin!  Hər halda, Astan Şahverdiyevdə insanlıq olsaydı, o Rusiya bazarlarında çalışanların heysiyyatı ilə belə oynamazdı. Onun özü də çox  yaxşı bilir ki, Rusiyada alver edənlərin  heç də hamısı  əhlikefliyindən bazar adamına çevrilməyib, ehtiyacdan, işsizlikdən piştaxta arxasında gedib dayanıblar. Onların arasında hər təbəqədən insanlar var, təhsillisi, diplomlusu isə lap çoxdur. Axtarsaq, hətta  Astan kimi fiziklər də tapa bilərik. İndi o yazıqlar neynəsin ki, Astan kimi Milli Məclisə yol tapa bilməyiblər. Tapsaydılar, onlar da bizneslərini burda qurardılar. Müşfiqabadda market tikdirib adını  Qarabağ qoyardılar, aptek tikdirib dərman satardılar. Və yaxud,  qaçqın şəhərciklərində irili-xırdalı obyektlərə krışalıq edərdilər. Onlar bunu bacarmadıqlarından gedib  Rusiya bazarlarında alış-veriş edirlər. Onda onlar “otxod” olur, Astan isə “yaxşı oğlan”?

Nə isə bu yaxşı oğlana deyəsən çox vaxt ayırdıq. Vaxt isə qızıldır və onu necə gəldi, kimə gəldi  xərcləyə bilmərik. Astana isə ümumiyyətlə. Deyirəm, Dədə Qorqudun vaxtında belə tiplər   olsaydı, yəqin Qorqud Dədə qopuzu sinəsinə basıb belə deyərdi.  Aslana Astan demədim mən Dədə Qorqud…Astana Məstan demədim mən Dədə Qorqud.

Əgər deputat düşünsə ki, burda təhqir var, o zaman  hesab bərabərdir: 1-1.

P.S. Qardaşı oğlu Astan Şahverdiyevin bu açıqlamanı verərkən içkili olduğunu deyib.

 

Pərviz Həşimli