ATƏT-in seçki missiyası aralıq hesabatını açıqladı - CİDDİ QAYĞILAR YER ALIR

  • By admin
  • 30 Yanvar 2020 18:35

Yanvarın 29-da ATƏT DTİHB müşahidə missiyası 9 fevral parlament seçkiləri ərəfəsində Azərbaycandakı vəziyyətlə bağlı aralıq hesabatı açıqlayıb.

Hesabat müəllifləri ölkədə ədalətli demokratik seçkilərin keçirilməsinə mane olan ciddi problemlərin olduğunu iddia ediblər.
İddialar arasında Azərbaycanda əsas hüquq və azadlıqların təmin olunmasına dair ciddi şübhələr və bir sıra müxalifət qüvvələri seçkiləri boykot etməsi qeyd edilib. Təşkilat KİV-ə çıxışın olmaması və sərbəst toplaşma azadlığı ilə bağlı da qayğılarını dilə gətirib. ATƏT-in hesabatında bir sıra namizədlərin seçkilərdə iştirak etmək imkanından məhrum olması iddia edilib.
Aralıq hesabatda parlamentdə qadınların geniş təmsil olunmaması da qeydlər arasındadır. Hesabatda sərbəst toplaşma azadlığı, insan hüquqları və azadlıqlarıyla bağlı qayğılar, həmçinin media mühiti, seçkiqabağı təşviqatın yetərsizliyi ilə bağlı da qeydlər yer alıb.
Hesabata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə məhkəmə qərarı olmadan veb saytları bloklamaq və KİV-ləri işləməyi qadağan etmək hüququna malikdir.
12 TV kanalı ümummilli əhatəyə malikdir, AzTV dövlət kanalı və ictimai TV dövlət büdcəsindən maliyyələşdirilir. Həmçinin reklam bazarının məhdudlaşdırılması bir çox KİV-i dövlət maliyyələşməsindən asılı vəziyyətə gətirir. 30-a yaxın özəl çap nəşri hər ay prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan vəsait alır. Üstəlik, onların tirajı cüzidir.
Başqa bir qeyddə isə bildirilir ki, İTV çox yüksək qiymətə pullu efir vaxtı təklif edən yeganə yayımçıdır. Eyni zamanda efirdə açıq müzakirələr, debatlar, “dəyirmi masa”, həmçinin siyasi reklam yoxdur.

Gununsesi.org