Ateizm Allaha inanmağın bir növüdür

  • By admin
  • 12 Noyabr 2017 20:40

Bəşəriyyət və inanc tarixinin ən böyük inqilabı, şübəsiz ki, ateizmdir. Çünki Allaha inanan kütləyə “Allah yoxdur” demək böyük cəsarət tələb edir.

Aşağıdakı cümlələrə diqqət yetirək:

“Bizi Allah yaratmayıb, biz Allahı yaratmışıq. Allah varsa, niyə yer üzündə dəhşətli hadisələr baş verir? O, sadəcə insanları qorxutmaq üçün uydurulmuş bir əfsanədir. Peyğəmbərlər isə yalançıdırlar”.

Bu qəbildən olan cümlələri istənilən qədər uzatmaq olar.

Bəs ateistlər əslində nə demək istəyir?

Ateizmə görə, varlıq, yaxud maddə hər hansı bir qüvvə tərəfindən yaradılmayıb. Varlığın başlanğıcı və sonu yoxdur.

Antiateistlər isə bunu təkzib edərək varlığın mövcud olmadığını, onu yaradan Allahın əbədi və əzəli olduğunu deyir.

Fizika və astronomiya elmlərindən kainatın yaranması ilə bağlı bəzi tezislər mövcuddur. “Böyük partlayış” anlayışı var ki, bu, bir maddənin partlayaraq kainata çevrilməsi və sürətlə inkişafı deməkdir. Ateistlər bu aspektdən çıxış edərək kainatın özünün özünü yaratdığını iddia edir. Bu zaman isə ziddiyyət yaranır. Ortaya sual çıxır, əgər böyük partlayışdan əvvəl heç nə yox idisə, bəs partlayan nə idi?

Çünki əgər böyük partlayış anlayışı varsa, deməli, partlayan şeyin də mövcud olması vacibdir.

Partlayan şeyin qatı, isti bir şey olduğu, qısa zaman kəsimində enerji və maddə əmələ gətirdiyi fikri irəli sürülür.

Ateizm böyük partlayışdan əvvəlki dönəmi başlanğıcsız, sərhədsiz, sonsuz və sabit qəbul edir, onun hər hansı bir qüvvə tərəfindən yaradılması fikrini rədd edir. Yəni kainat öz hesabına yaranmışdır, onun xaricində hansısa qüvvənin mövcudluğu düşünülə bilməz.

Burada iki müxtəlif cərəyanın müddəlarına nəzər salaq. Həmin cərəyanlar Panteizm və Panentizmdir.

Panteizm kainatı Allah kimi qəbul edir. Panentizm isə kainatın Allah tərəfindən yaradılaraq onun bir parçası olduğunu deyir.

Buradan belə nəticə çıxara bilərik ki, Ateizm ilə Panteizm bir-birinə çox yaxındır. Bir fərqi var ki, Ateizm Panteizmdən fərqli olaraq, Kainatı Allah kimi qəbul etmir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Allahsızlar da Allaha inanır. Sadəcə bu Allahın adları müxtəlif qoyulub. Yəni ateistlərin fikrincə, varlığın başlanğıcı yoxdur. Antiateistlərin sözlərinə görə isə başlanğıcı olmayan yalnız Allahdır. Əks qütbün nümayəndələri öz iddialarını əsaslı şəkildə sübut edə bilmədiyindən onların hər ikisini mömin, yəni inanclı hesab etmək olar. Çünki onlardan biri varlığın başlanğıcsız olmasına, digəri isə varlığı yaradan qüvvənin başlanğıcsız olmasına inanır.

Gununsesi.info