Avropa İttifaqı Mərkəzi Asiyaya dair strategiya qəbul edir - İNSAN HAQLARI ƏSAS ŞƏRTLƏRDƏN BİRİDİR

  • By admin
  • 18 İyun 2019 09:31

 

Avropa İttifaqına üzv ölkələr Mərkəzi Asiyaya dair yeni strategiya qəbul ediblər. Sənəddə deyilir ki, bu strategiyadan məqsəd İttifaqla sözü gedən region arasında “güclü və davamlı” partnyorluğun qurulmasıdır.

İyunun 17-də Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş bir sıra təkliflər sözü gedən strategiya ilə birlikdə ittifaqın Mərkəzi Asiyaya yönəlik “yeni siyasətinin iş çərçivəsini” təşkil edəcək.

Nazirlər 2007-ci ildə ilk belə strategiya qəbul olunandan bəri ittifaqın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla münasibətlərinin xeyli möhkəmləndiyini bildiriblər.

2016-cı ildə Qazaxıstan Avropa İttifaqı ilə Gücləndirilmiş Partnyorluq və Əməkdaşlıq Sazişini imzalayan ilk Mərkəzi Asiya ölkəsi olub.

Bu saziş Qazaxıstanla Aİ arasında siyasi dialoqun gücləndirilməsinə və qarşlıqlı ticarət və investisiya münasibətlərinin fəallaşdırılmasına dəstək verməlidir.

Avropa İttifaqı hazırda belə bir sazişin Qırğızıstan və Özbəkistanla imzalanması üçün danışıqlar aparır.

Avropa İttifaqının Xarici İşlər Şurası bildirib ki, Brüssel region ölkələri ilə “ambisiyalı, genişmiqyaslı və qarşılıqlı faydalı” münasibətlərin qurulmasına can atır.

Aİ xarici işlər nazirlərinin verdikləri təkliflərdə habelə “qanunun aliliyinin, insan haqları və təməl azadlıqların” təmin edilməsinin Mərkəzi Asiya regionu ilə əməkdaşlıqda əsas şərtlərdən biri olduğu vurğulanır.

Gununsesi.org