Avropa Məhkəməsi Lapşinə görə Azərbaycana suallar göndərib - BLOGGER BAKIDA İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞINI İDDİA EDİR

  • By admin
  • 08 Yanvar 2019 10:11

Bir müddət əvvəl Belarusdan Azərbaycana ekstradisiya edilən məşhur blogger Aleksandr Lapşin Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinə verib.

Gununsesi.org-un xəbərinə görə, Azərbaycana qarşı yazdığı ərizəsində  Lapşin iddia edir ki, ona təcridxanada həyatına sui-qəsd olub və səlahiyyətli qurumlar onun həyatını qorumayıblar və şikayətini araşdırmayıblar.

O, həmçinin Belarusdan Azərbaycana gətirilərkən və təcridxanada saxlanılarkən qeyri-insani rəftara məruz qaldığını iddia edib. Lapşin 7 ay təcridxanada tək saxlanmağından da şikayət edib. Avropa Məhkəməsi ərizəçinin şikayəti ilə bağlı hüquq müdafiə vasitələrini tükəndirib-tükəndirməməsi, Belarusdan Azərbaycana köçürülərkən qeyri insani rəftara məruz qalması şikayəti ilə bağlı 6 aylıq müddət tələbinə riayət olunub olunmaması, Konvensiyanın 2-ci maddəsi üzrə ərizəçinin hüquqlarının pozulub-pozulmaması, xüsusən dövlət qurumlarının ərizəçinin həyatına qəsddə iştirak edib etməməsi, effektiv araşdırmanın aparılması, təcridxanada ərizəçinin tək saxlanmasının Konvensiyanın 3-cü maddəsini pozması halının olub olmaması ilə bağlı suallar göndərib.