Avropa Şurasının komissarı cəzalandırılan vəkillərlə görüşdü- DÜNYA MİYATOVİÇ VƏZİYYƏTİ HAKİMİYYƏTLƏ MÜZAKİRƏ EDƏCƏK

Avropa Şurasının komissarı cəzalandırılan vəkillərlə görüşdü

 

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycana səfəri çərçivəsində iyulun 9-da bir qrup hüquq müdafiəçisi, vəkil və vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb. Görüşdə ölkədə insan hüquqlarının durumu, vəkillik fəaliyyəti, media azadlığı məsələləri diqqət mərkəzində olub.

Gununsesi.org-un xəbərinə görə, vəkil İradə Cavadova Amerikanın Səsinə müsahibəsində bildirib ki, görüşdə əsasən vəkillər və Vəkillər Kollegiyası ilə bağlı problemlərdən danışılıb.

Görüşdə çox ciddi məsələlərə toxunuldu. Vəkillərin Vəkillər Kollegiyasından kənarlaşdırılmasının səbəblərindən danışdıq. Bəzi vəkillər bank hesablarının bağlanması ilə bağlı iradlarını bildirdi. Bəzi vəkillərə lüzumsuz yerə tənbeh, töhmət verilməsi, səbəbsiz yerə fəaliyyətinin dayandırılması, hüquq mühafizə orqanlarının müraciəti əsasında vəkillərə qarşı başlanan inzibati icraat məsələləri müzakirə olundu,” o qeyd edib.

Cavadova bildirib ki, Avropa Şurasının nümayəndəsi səslənən propblemləri ümumiləşdirib hökumət qurumları qarşısında qaldıracaq. Həm də bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlanacaq.

“Hesab edirəm ki, problemlərin diqqətə gətirilməsi, ölkə başçısının qarşısında qaldırılması müsbət hadisədir. Amma nəticələrinin olacağı barədə bir söz deyə bilmərəm. Çox zaman problemlər həll edilmir, nəticəsiz qalır.”

Cavadova hesab edir ki, vəkillərin müstəqilliyinin əlindən alınmaması və onların media ilə işləməsi çox vacibdir.

“İnsanların hüquqlarını müdafiə edən vəkillərin əl-qolunu bağlamaq olmaz. Vəkillər ən azı işgəncələrlə, insan hüquqlarının pozulması ilə bağlı dövlət orqanları qarşısında qaldırdığı məsələlərə reaksiya verilmədikdə mediada çıxış etməlidir. İndi Vəkillər Kollegiyası vəkillərin media ilə işləməsinə faktiki qadağa qoyub. Bunun qarşısı alınmalıdır,” o qeyd edib.

YALÇIN İMANOV: “VƏZİYYƏTİN CİDDİLİYİNİ AVROPA ŞURASI DA DƏRK EDİR”

Görüşdə iştirak edən vəkil Yalçın İmanov  da Gununsesi.org-a açıqlamasında bildirib ki, ölkədə vəkillik institutunun durumu ağırdır: “Artıq ciddilik Avropa Şurasını da narahat edir. Dünya Miyatavoç insan hüquqları komissarı kimi vəziyyətdən xəbərdar idi. Bizimlə görüşündə isə detallı bilgiləri oldu. O, yaranmış situasiyanı hakimiyyətlə müzakirə edəcək. Çünki, ölkəmizdə vəkillərin cəzalandırılması siyasi qərardan irəli gəlir və Vəkillər Kollegiyası da bu qərarı icra edir”.

Xatırladaq ki, son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.

Gunay Təhməzova

Gununsesi.org 

COMMENTS