“Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır”- RÖVNƏQ ABDULLAYEV

“Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır”

Ümummilli lider Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi” və ondan irəli gələn mənfəət Azərbaycan xalqının hazırkı rifah halına ən böyük təsir göstərib, iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunun canlanmasına güclü təkan verib.
Gununsesi.org xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə verdiyi açıqlamasında deyib.
R.Abdullayev bildirib ki, kontraktın imzalanması Azərbaycan üçün nə qədər əhəmiyyətli olsa, onun icrasından daxil olan gəlirlərin maksimum səmərə ilə idarə olunması da bir o qədər məsuliyyət, əzmkarlıq və bacarıq tələb edib:
“Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli iradəsi həlledici faktor olmuş, Azərbaycanın və SOCAR-ın dayanıqlı inkişaf strategiyasının əsas vektorlarını müəyyən edib. Məhz onun tapşırıqları nəticəsində SOCAR son 10 ildə nisbətən kiçik yerli neft şirkətindən qlobal enerji şirkətinə çevrilib. Ötən dövrdə neft gəlirləri ölkədə bazar iqtisadiyyatının tələblərinə cavab verən səriştəli kadrların hazırlanmasına sərf olunub, SOCAR-ın texniki və texnoloji imkanlarını artırıb. Bu gün bizim ölkədə neft və qaz sənayesində tətbiq edilən texnoloji həllər dünya standartlarından geridə qalmır. Hətta bir çox qabaqcıl texnologiyalar Xəzər hövzəsi çərçivəsində yalnız Azərbaycanda tətbiq olunur. Buna görədir ki, Xəzər hövzəsində bir çox xarici tərəfdaş dövlətlər və şirkətlər neft-qaz tikinti işlərində və digər sahələrdə məhz bizim şirkətlərin xidmətlərindən istifadə edirlər”.
SOCAR-ın prezidenti vurğulayıb ki, Azərbaycanda həyata keçirilən beynəlxalq layihələrdə iştirak edən əməkdaşların 90 faizi Azərbaycan vətəndaşlarıdır:
“Bu da ölkə rəhbərliyinin xarici şirkətlərin qarşısında qoyduğu tələblərin icrasından irəli gəlir və Azərbaycan tərəfindən yerli mütəxəssislərimizin beynəlxalq səviyyəli təlimlər əsasında hazırlanmasına sərf olunmuş vəsaitlərin hesabına mümkün olub.
SOCAR bu gün, ölkə başçısının tapşırıqlarını rəhbər tutaraq, Azərbaycanın qlobal brendi kimi artıq dünyanın 40 ölkəsi arasında əməliyyatlar həyata keçirir. Xarici investorlar üçün özünü etibarlı tərəfdaş kimi təsbit etmiş Azərbaycan bu gün SOCAR timsalında artıq özü də xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə və dayanıqlı gəlir mənbələri yaradır”.
R.Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanın iqtisadi dayanıqlığının əsas sütunları ölkədə hökm sürən siyasi sabitlik, ölkə rəhbərliyinin uzaqgörən strategiyası, onun daim yeni üslub və həllərin axtarışında olan innovativ idarəetmə fəlsəfəsidir:
“Biz bu günə qədər əvvəlki vasitələrlə uğur əldə etmişiksə, bu, o demək deyil ki, həmin vasitələr bundan sonra da effektli olacaq. Azərbaycanın dayanıqlı inkişaf strategiyası məhz bu mütərəqqi təfəkkür üzərində qurulub. Biz də, Azərbaycan neftçiləri olaraq, cənab Prezidentin və ölkə rəhbərliyinin bu təfəkkürünü əxz edib, gələcəkdə çalışmalarımızı daha da artırmaq əzmindəyik”.
Gununsesi.org

COMMENTS