Azərbaycan klassik musiqisinin kanadalı ifaçısı

Azərbaycan klassik musiqisinin kanadalı ifaçısı

Kristina Mariye Villat: “Azərbaycan musiqisi heyrətamizdir”

“Sarı gəlin”, “Sənsiz”, “Ey əziz anam Azərbaycan” mahnılarını o qədər ürəkdən oxuyur ki, ifa edənin kanadalı olduğuna inana bilmirsən. Koroğlu ariyası da sevdiyi Azərbaycan musiqiləri sırasındadır. Azərbaycan musiqisi ilə tanışlığı bəstəkarlarımız Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, vokal və estrada ifaçısı Müslüm Maqomayevdən başlayıb. Müslüm Maqomayevin mahnılarını və oxuma tərzini çox sevdiyini deyir.

Müsahibim Ontario əyalətinin London şəhərində yaşayan Kristina Mariye Villatdır (Christina Marie Willat). Kristina musiqiçi kimi bir çox mükafatlara layiq görülən müğənni və pianoçudur. Ontario Qərb Universitetində müəllim kimi çalışır. Eyni zamanda,  Londondakı Müqəddəs Jude kilsəsində musiqi üzrə direktordur. Kanada, Amerika və İtaliya səhnələrində çıxışlar edir. Həmsöhbətimlə yaxından tanış olaq…

11 dildə oxuyan müğənni

Əsas gəlirinin musiqidən çıxdığını deyən müsahibim Ontario Qərb Universitetində (University of Western Ontario) səs bölməsində təhsil lıb. Magistratura təhsilini də sözügedən universitetdə başa vurduqdan sonra, özünün dediyi kimi, bir neçə yerdə çalışıb: “Hazırda piano və vokal dərsləri verirəm. Eyni zamanda, tələbələrimə müxtəlif dillərdə oxumağı, düzgün tələffüz etməyi  öyrədirəm. İngilis dilindən əlavə, əsasən italyan, alman və fransız dillərində oxumağı tədris edirəm. Həmçinin kilsədə işləyirəm. Mən və həyat yoldaşımın “Wormwood” adlı qrupumuz var. Elektron musiqiylə məşğuluq. Hərdən qrupumuzla canlı şoular edir, filmlər üçün fon musiqisi (soundtrack) hazırlayırıq. Eyni zamanda, Qərbi Ontario Universitetində müəllim kimi çalışıram”.

Müxtəlif dillərdə oxumağa və pianoda ifa etməyə marağının haradan yarandığına gəlincə, deyir ki, fərqli dillərdə oxumaq qabiliyyəti aldığı təhsilin bir hissəsidir: “Bu səbəbdən də müxtəlif dillərdə oxumağa marağım var. Dediyim kimi, əsasən italyan, alman və fransız dillərində oxuyuram. Bundan başqa, latın, fin, macar və rus dillərində də ifa edirəm. Portuqal və ispan dillərində oxumağı isə öyrənirəm. Azərbaycan dili də bu dillər sırasındadır”.
Kanadalı musiqiçinin Azərbaycan dilinə marağının haradan yarandığını da xəbər aldıq. Məlum oldu ki, “Azərbaycan-Türk Kanada Asossasiyası”nın rəhbəri Kəmalə Şiriyevadan aldığı təklif nəticəsində bizim dilimizdə oxumağa başlayıb: “Tədbirlərdən birində müxtəlif dillərdə oxuduğumu görən Kəmalə xanım  Azərbaycan dilində də mahnı ifa etməyimi təklif etdi. Xüsusilə bəstəkar Üzeyir Hacbəyov barəsində məlumat verdi, onun bəstələrini göndərdi. Çox bəyəndim və bu dildə oxumaq maraqlı gəldi. Buna görə də təklifi qəbul etdim. Kəmalə xanım mənə Azərbaycan dilində düzgün tələffüz etməyi də öyrədir. Həmçinin oxuduğum mahnıların sözlərinin mənasını anladır. Düşünürəm ki, hər bir müğənni oxuduğu mətnin mənasını başa düşməlidir. Ola bilər ki, hər bir sözün mənasını dəqiq bilməyəsən, amma ümumilikdə mətndən xəbərdar olmalısan ki, ifan gözəl alınsın. Sizin dildə bəzi səslərin kombinasiyası var və bəzi səslərin üzərində hələ də işləyirəm. Amma ümumilikdə Azərbaycan dilində oxumaqda çətinlik çəkmirəm. Bir sıra səslər mənə rus dilindəki səsləri xatırladır. Məsələn, “ü” səsini misal çəkə bilərəm”. “Hər bir müğənni oxuduğunu anlamalıdır


“Azərbaycan musiqisi heyrətamizdir”

Müxtəlif dillərdə klassik musiqilər ifa etdiyindən bu dilləri bir-biri ilə müqayisə  edə bilir: “Deməzdim ki, Azərbaycan klassik mahnılarını oxumaq mənim üçün digər dillərdə ifa etdiyim klassik musiqiləri oxumaqdan çətindir.  İtalyan klassik musiqisi və operası ilə Azərbaycan klassik musiqisi arasında oxşarlıqlar var. Azərbaycan klassik musiqisində nəsə xüsusi texnika var ki, onu sevirəm”.

Azərbaycan haqqında ilk dəfə haradan eşitdiyinə gəlincə, bu dildə oxumaq təklifi alana qədər belə bir ölkənin varlığından xəbəri yox imiş: “O vaxta kimi Azərbaycan haqda eşitməmişdim. Mən musiqini sevirəm, musiqini araşdırmaq mənim üçün maraqlıdır. Azərbaycan musiqisi heyrətamizdir”.

İfa etmək istədiyi Azərbaycan musiqilərinin notlarını tapmaqda əvvəlcə çətinlik çəkdiyini deyir: “Ontario Qərb Universitetinin kitabxanasında Azərbaycan musiqilərinin notu yoxdur. Buna görə də 2014-cü ildə bu dildə oxumağa yeni başlayanda çətinlik çəkirdim. Notları əldə etməkdə Kəmalə xanım yardımçı olurdu. İndi internetdən Azərbaycan musiqilərinin notlarını tapa bilirəm. Amma çətinliyim ondadır ki, bu notları müxtəlif dillərdə axtarış verərək tapıram. Çünki Azərbaycan dilini bilmirəm”.

“Sizdə qadınlar bizdən əvvəl səsvermə hüququ qazanıblar”

Azərbaycan haqqında bilgilərinə gəlincə, həmsöhbətim azərbaycanlı qadınların kanadalı qadınlardan daha əvvəl səsvermə hüququ qazandıqlarını bilir. Çox istəyir ki, dilində mahnılar ifa etdiyi Azərbaycanı görsün. Hətta Azərbaycanın hansı ölkələrlə sərhəd olduğundan, Ermənistanla Azərbaycan arasındakı konfliktdən də xəbərdardır.

Kanadalıların musiqimizə münasibətinə gəlincə, müsahibimin sözlərinə görə, Azərbaycan musiqisini, mahnılarını ifa edərkən kanadalılar heyran qalır.

Qeyd edək ki, Kristinanın ifasını dinləyərkən həmyerlilərimiz onun azərbaycanlı olduğunu düşünürlər. Hətta ifadan sonra yaxınlaşıb onunla Azərbaycan dilində danışmaq istəyənlər də olur. Biləndə ki, Kristina kanadalıdır, heyrətlənirlər. Bu da Kristinanı bizim dildə mahnılar oxumağa daha da həvəsləndirir. Həmsöhbətim deyir ki, dilimizdə başqa klassik musiqilərin ifasına davam edəcək: “Hazırda bir sıra mahnılar üzərində çalışıram”.


Lalə Musaqızı

Gununsesi.org

COMMENTS