Azərbaycanda investisiya mühiti: sahibkarların önəm verdiyi amillər, neftdən asılılığa son

Azərbaycanda investisiya mühiti: sahibkarların önəm verdiyi amillər, neftdən asılılığa son

Hazırda Azərbaycanda sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm də qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulub. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində iş adamları özlərini daha rahat hiss edirlər.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, dünyanın hər yerində iqtisadi artım daimi vəsait qoyuluşu tələb edir:

“Ümumiyyətlə, avtomobilə yanacaq tökülməyəndə hərəkət edə bilmədiyi kimi, iqtisadiyyat da investisiyasız inkişaf edə bilməz. Postneft erasında, başqa sözlə desək, 2014-cü ildən Azərbaycanda iqtisadi həyatın gündəliyində olan vacib məsələlərdən biri investisiyaların cəlb edilməsidir.

Bundan əvvəl ölkəmizdə investisiyaların hər il artması neftin dünya bazar qiymətlərinin yüksək olması ilə əlaqədar idi. Üstəlik, hasilat səviyyəsi də burada az rol oynamırdı. Bu sahədə pik dövr 2010-cu ilə təsadüf etdiyindən, investisiyalar üzrə ən yüksək artım məhz 2010 və 2011-ci illər ərzində qeydə alınıb. 2014-cü ildən isə neftin dünya bazarında qiymətləri kəskin şəkildə ucuzlaşmağa başladı və bunun investisiya qoyuluşlarına ciddi təsiri oldu. Yəni investisiyaların azalması 2014-cü ildən etibarən başlayıb. Buna qədər isə hər il artım müşahidə edilirdi”.

P.Heydərov vurğulayıb ki, ümumiyyətlə, hazırda investisiya strategiyasında əsas hədəf iqtisadiyyata, xüsusən də qeyri-neft sektoruna xarici investisiyaların artmasına, genişlənməsinə nail olmaqdır:

“Ancaq bu, asan başa gəlmir. Çünki qlobal iqtisadi böhran üzrə təzyiqlər var. Artıq xeyli müddətdir dünya miqyasında xarici investisiyalar uğrunda ciddi mübarizə gedir. Azərbaycanda isə investisiyalar daha çox neft sektoruna qoyulub və qoyulur. Halbuki ölkəmizdə qeyri-neft sektorunda da bunun üçün gözəl zəmin var. Düzdür, son vaxtlar qeyri-neft sektoruna da daxili və xarici sərmayə qoyulur. Lakin qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməyə çalışmalıyıq, bu, ən ümdə vəzifə olmalıdır”.

Ekspert deyib ki, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir:

“Demək olar ki, bütün növ hüquqi baza var. İnvestisiyaların təşviqi mexanizmi yaradılıb. Bir sıra stimullaşdırıcı vasitələr tədbiq edilib. Ümumiyyətlə, investisiya qoyuluşu üçün ölkəni cəlbedici və etibarlı edən bir neçə şərt var. Ən mühüm şərtlərdən biri həmin ölkədə hökm sürən siyasi sabitlikdir. Yəni istər yerli, istərsə də xarici investor olsun, hər birinin ən əsas önəm verdiyi amil pulunu yatırdığı ölkədə siyasi çaxnaşmaların, qeyri-stabil siyasi vəziyyətin olmamasıdır. Əksi olduğu halda, heç bir sahibkar risk edib sərmayə yatırmaz. Ona görə də investisiya qoyuluşunda sahibkarları Azərbaycana cəlb edən əsas cəhət burada siyasi sabitliyin mövcud olmasıdır.

İkinci şərt isə ölkənin maliyyə vəziyyətidir. Bu, xüsusən xarici sahibkarlar üçün önəmli şərtdir. Belə ki, xarici investor bu və ya digər ölkəyə sərmayə qoyanda, onu ilk növbədə düşündürən məqamlardan biri də zəmanət məsələsidir”.

O əlavə edib ki, sahibkarlar pul yatırarkən həmin ölkədəki maliyyə vəziyyətini də nəzərdən keçirir:

“Həmçinin pul qoyduğu sahədə zəmanətliliyin hansı səviyyədə olduğunu təhlil edirlər. Qeyd edilən şərtlər baxımından Azərbaycan üstün cəhətlərə malikdir. Çünki ölkəmizin valyuta ehtiyatları xarici borcundan bir neçə dəfə yüksəkdir. Yəni Azərbaycan hazırda o ölkələr sırasındadır ki, istəsə, çox qısa müddət ərzində bütün xarici borclarını bağlaya bilər. Dünya ölkələrinin siyahısına nəzər yetirsək, bu gücdə olan dövlətlər azdır. Bizim xarici borcumuz ümumdaxili məhsulun 19 faizini təşkil edir. Qeyd edim ki, beynəlxalq meyarlara görə, xarici borc ümumdaxili məhsulun 30 faizi həcmində olarsa, bu, artıq kritik vəziyyət hesab olunur. Amma bizdə bu rəqəm 19 faizdir”.

P.Heydərovun fikrincə, ölkəmizi xarici investorlar üçün cəlbedici edən digər bir nüans ondan ibarətdir ki, son vaxtlar dövlət əlverişli investisiya mühiti yaratmaq üçün bəzi addımları atır:

“Vergilərin yumşaldılması, investorların stimullaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu saydıqlarımızın hamısı ölkəmizi xarici sahibkarlar üçün cəlbedici və etibarlı edir.

Daha çox investisiya cəlb etmək üçün dövlətimiz stimullaşdırıcı iqtisadi siyasət yeritməlidir. Vergi, gömrük və digər sahələrdə daha əlverişli şərait yaradılmalıdır. Sərmayənin isə qeyri-neft sektoruna qoyulması daha məqsədəuyğundur. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici investisiya ən çox neft sektoruna yatırılırdı. Əslində, indi də elədir. Bu da təbiidir. Çünki xarici sahibkarlarda belə bir xüsusiyyət var ki, ən tez gəliri haradan götürmək mümkündürsə, pulu ora qoyurlar. Bizdə isə qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Yəni ölkənin neftdən asılılıq məsələsinə son qoymalıyıq. Ona görə də yerli investorlarla yanaşı, xariciləri də qeyri-neft sektoruna, turizmə, kənd təsərrüfatına, rabitəyə, xidmət sahəsinə istiqamətləndirməliyik”.

Gununsesi.org

COMMENTS