Azərbaycanda təbii artım azalır- RƏSMİ STATİSTİKA

Azərbaycanda təbii artım azalır

Azərbaycanda əhalinin təbii artımı azalır.

Gununsesi.org xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin məlumatları göstərir. 2013-cü ildə hər min nəfərə əhalinin təbii artımı 12,8 olubsa, 5 il sonra artım tendensiyası zəifləyib, 2018-ci ildə bu temp 8,4 nəfərə düşüb. Başqa sözlə 5 ildə təbii artım 36 min 556 nəfər azalıb.

Bəs, əhalinin təbii artımının azalmasına səbəb nədir? Statistik məlumatları təhlil etdikdə məlum olur ki, bu əsasən, yeni doğulan uşaqların sayının azalmasına görə ola bilər.

Belə ki, 2013-2018-ci illərdə yeni doğulan uşaqların sayında da 33 min 689 azalma olub. Ən çox azalma isə çoxuşaqlı ailələrdə özünü göstərir. Məsələn, əvvəllər 3-4 uşaqlı ailələr üstünlük təşkil edirsə, son illər 1-2 uşaqlı ailələrin sayı artır.

Bakı sakini Günel Rzazadə deyir ki, o da iki uşağa üstünlük verir:

“Elə səbəblər var ki, ikidən artıq uşağın olması çoxdur. Səbəb də odur ki, işsizlikdir, olan işlərdə də maaş azdır. Gecə-gündüz işləyirsən uşaq qalır valideyn diqqətindən kənarda. Uşaq necə böyüyür olursan xəbərsiz”.

Başqa bir sakin Elman Şəmilov da iki uşaq atasıdır. O da deyir ki, daha çox uşağı olmağını istəyirdi. Ailədə uşaq nə qədər çox olsa, böyüyəndə bir-birlərinə dayaq olarlar. Amma indiki zamanda 3-4 uşağa baxmaq çox çətindir:

“Bizim uşaqlıq dövrümüzdə 4 uşaqlı ailələrə azuşaqlı kimi baxırdılar. Amma indi 2, maksimum 3 uşaq olur. Məsələn, ana işləmirsə, oturub uşaqla məşğul olursa, müəyyən kompensasiyalar olmalıdır. Amma bizdə yoxdur. Bu da müəyyən problem yaradır. Elə bu iki uşağı böyüdə bilsək, onun bağçası, məktəbi, ali təhsilini verə bilsək böyük işdir”.Azərbaycan hökuməti həm də ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaratmaq məqsədi ilə 2004-cü ildən bəri “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramını” icra edir. Proqram demoqrafik proseslərin təhlili əsasında bu sahənin inkişaf istiqamətləri və zəruri tədbirləri özündə əks etdirir.

Proqramın əsas hədəflərindən biri də 2020-ci ilə qədər Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatdırılması idi. Bu ilin aprelində 10 milyonuncu sakinin doğulduğunu elan etdilər və buna görə Bakıda, eləcə də digər şəhər və rayonlarda “Biz 10 miylon olduq” adlı bayram tədbirləri keçirildi. Azərbaycan əhalisinin 10 milyona çatması Azərbaycan iqtidarının uğurlu sosial-iqtisadi siyasəti kimi təqdim olundu.

Elə prezident İlham Əliyev özü də 10 milyonuncu sakinin valideynləri ilə görüşüb. O bildirib ki, əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır:

“Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır”.

Amma sosioloq Sənubər Heydərli düşünür ki, son illərdə yeni doğulan uşaqlarının sayının azalması, bunun da nəticəsində təbii artımın azalması müəyyən müddətdən sonra ciddi nəticələrə gətirib çıxara bilər. O hesab edir ki, hökumət bu problemin qarşısını vaxtında almağa çalışmalıdır.2015-ci ildə Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı, demoqraf Adilə Gözəlova qeyd edirdi ki, tək Azərbaycanda deyil bütün dünyada çoxuşaqlı ailələrin sayı azalır.Əhali artım tempində yavaşımaya rəsmilərin bir şərhini ala bilməmişik. Amma Dövlət Statiska Komitəsinin əhali statistika şöbəsinin müdiri Rza Allahverdiyev ümumilikdə ölkə əhalisinin artdığını qeyd edir. O, bu ilin aprelində yazdığı məqaləsində əhalinin ümumi artımını ölkədə sosial rifahın yüksəldilməsi ilə izah edir.

Amma sosioloq Sənubər Heydərli düşünür ki, bunun səbəbini yalnız müasirləşməkdə axtarmaq doğru deyil. Onun fikrincə, bunun sosial səbəbləri də var:

“Birincisi orta azərbaycanlı ailəsi heç də bir neçə uşağa baxmaq gücündə deyil. Onun social təminatı, dövlətdən aldığı yardımlar azdır. Digər tərəfdən biz ölkədən gedən gəncləri nəzərə almaya bilmərik. Təəssüflər olsun ki, bu rəsmi statistikada özünü əks etdirmir. Amma biz cəmiyyətdə görürük ki, son illər xeyli gənc Azərbaycandan çıxır və həyatlarını başqa ölkələrdə davam etdirməyə qərarlıdır”.

Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı alim Qubad İbadoğlu da öz Facebook hesabında bu məsələyə toxunub. Onun fikrincə, uşaqların və çoxuşaqlı ailələrin sayının azalmasında ən qabarıq səbəblər boşanmaların artması, evlilik yaşının yüksəlməsi, ailə xərclərinin artmasıdır.

Qubad İbadoğlu hesab edir ki, bütün bunlar uşaqlara dövlət qayğısı siyasətinə yenidən baxmaq, uşaq pullarının verilməsini bərpa etmək üçün ciddi əsaslar yaradır.

COMMENTS