Azərbaycanda unikal muzey: “Təpəgöz”, insan külü, mumiya- FOTOREPORTAJ

Azərbaycanda unikal muzey: “Təpəgöz”, insan külü, mumiya

“Təpəgöz”ə bənzəyən uşaq, siyam əkizləri, yırtıq beyin, uşaq skeletləri, mumiyalar və hətta insan külü…

Bütün bunlar Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının nəzdində fəaliyyət göstərən Anatomiya Muzeyində nümayiş olunur. Muzey buna görə də öz unikallığı ilə seçilir. İctimaiyyətə açıq olmayan və yalnız Tibb Universitetinin müəllim və tələbələri üçün yaradılan muzeyin 2018-ci ildə təqdimatı keçirilib.

Muzeydə ümumilikdə 24 minə yaxın eksponat saxlanılır. Dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də eksponat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Tədris muzeyi 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ictimai əsaslarla qeydə alınıb.

Muzey ümumilikdə dörd hissədən ibarətdir: Eybəcərliklər, Dayaq hərəkət aparatı, Daxili orqanlar, Sinir sistemləri muzeyləri.

Burada döl formasında və anomaliya ilə doğulan uşaqlar var. “Coclopiya”, yəni “Təkgözlülük” sindromundan əziyyət çəkdiyi üçün dünyasını dəyişən uşaq və siyam əkizi olan bacılar ən diqqətçəkən eksponatlardandır.

Burada XVII əsrə aid yeddi mumiya da qorunur. Sovet dövründə tapılan mumiyaları eksponat kimi bir çox ölkələrə göndərirdilər. Lakin bu mumiyalar Azərbaycandan tapılanlardır. Ehtimal olunur ki, havasız yerdə öldükləri üçün kimyəvi yox, təbii yolla mumiyalanıblar.

Muzeydə kafedranın 1919-cu ildə müdiri olmuş Malinovskinin külü, böyrəkləri, sidik axarları və sidikliyi saxlanılır.

Muzeydə sərgilənən kəllə skeletləri təxminən XI əsrə aiddir.

Buradakı meyitlər formalin mayesində saxlanılır. Bu mayedə həmin meyitlər quruluşunu dəyişmədən illərlə qala bilər.

COMMENTS