Azərbaycanlılar alman şirkətini məhkəməyə verir

Azərbaycanlılar alman şirkətini məhkəməyə verir

Qaçqın statusu üçün Almaniyadan sığınacaq istəyən bir qrup azərbaycanlı Almaniyanın “ASB” şirkətini məhkəməyə verməyə hazırlaşır.

Gununsesi.org-un məlumatına görə, buna səbəb 2016-cı ildə Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Ahlen (Westfalen) şəhərində yerləşən və qaçqın kampı kimi istifadə edilən köhnə orta məktəb binasında sığınacaq istəyənlərə olan münasibət olub.

Belə ki, “ASB” adlı şirkət Azərbaycan, Gürcüstan, Ermənistan, Afrika və Balkan ölkələrindən gələnlərin də olduğu sığınacaq axtaranları Nasist Almaniyası zamanı faşistlərin həbs düşərgələrində insanlara tətbiq etdikləri nömrələmə sistemi ilə qeydə alıb. Belə ki, hər bir şəxsin nömrəsi qollarına taxmaq üçün xüsusi kağızdan düzəldilən bilərziklərin üzərinə yazılıb.

Kampa giriş-çıxış, yemək növbəsi, həftəlik xərcliyin verilməsi və təmizlik ləvazimatları alan zaman həmin rəqəmli bilərziklərin göstərilməsi şərt kimi qoyulub.

Vəkil vasitəsi ilə məhkəməyə təqdim etmək üçün hazırlanan şikayət ərizəsində “ASB” əməkdaşlarının qaçqın və miqrantlarla qarşı qeyri-insani rəftarı xüsusi vurğulanıb. Şikayət ərizəsində bir ölkədən olan sığınacaq axtaranların 1951-ci il Cenevrə Konvensiyasının müddəalarına tamamilə zidd olaraq bir yerdə yerləşdirilməsi, ailələrin bir sinif otaqlarında gecələməsi, sanitar normaların kobud şəkildə pozulması, kampın həkim briqadası tərəfindən lazımı tibbi xidmətlərin göstərilməməsi və s. göstərilib.

Şikayət ərizəsinin zərərçəkənlər tərəfindən imzalamasından sonra yaxın günlərdə Münster şəhər İdarə Məhkəməsinə göndərilməsi gözlənilir.

Qeyd edək ki, Ahlen şəhərində 2014-2017-ci illərdə qaçqın kampı kimi istifadə olunan məktəb binası yerli sakinlərin şikayəti əsasında bağlanıb. Tikilinin sökülməsi ilə bağlı Münster şəhər İdarə Məhkəməsinin qərar verib.

 

 

Gununsesi.org

COMMENTS