Azərbaycan Avropa Şurası münasibətlərində yeni mərhələ: BUZLAR ƏRİYİR - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 14 Sentyabr 2019 09:23

Bir neçə ildir ki, soyuqlaşan Azərbaycan Avropa Şurası münasibətlərində yeni dönəm başlayıb.

Əsas missiyası üzv ölkələrdə insan hüquqları və demokratiyanın təşviqi olan Avropa Şurası ilə münasibətlərin qaydaya düşməsi hakimiyyətlə yanaşı, həm də vətəndaşlar üçün ciddi məsələdir.

Xatırladım ki, bu münasibətlər Azərbaycanın bu qurumun Parlament Assambleyasında rüşvət təklifi halları barədə dünya mediasında yazılan araşdırmalardan sonra pisləşmişdi.

Həmçinin, Avropa Şurası baş katibinin, insan hüquqları komissarının ölkəmizdə problemlərlə bağlı davamlı çağırışlarının cavabsız qalması da bu münasibətlərə ciddi təsir edib.

Hətta AŞ PA-da bəzi deputatlar Azərbaycana lobbiçilik etdiyi üçün cəzalandırılmışdı.

Uzun müddət davam edən vəziyyət Azərbaycanın nümayəndə heyətinə sanskiya təhlükəsinə qədər çatdırmışdı.

Bir neçə ildir ki,  AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçiləri Azərbaycana buraxılmadı.

Avropa Şurası kimi bir qurumla konfrantasiyaya girməyin lüzumsuz olduğu deyəsən, artıq dərk edilməyə başlayıb.

Hazırda situasiyanın dəyişməsinin şahidiyik.

Bir neçə gün əvvəl AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana səfər etdi. Həbsdəki siyasi məhbuslarla, hökumət nümayəndələri və vətəndaş cəmiyyətinin qurucuları ilə görüşdü.

Halbuki, hökumətin ən yüksək səviyyəsində Azərbaycanda siyasi məhbusun mövcudluğu inkar edilirdi.

Ancaq məruzəçinin ölkəyə buraxılması, siyasi məhbuslarla ayrıca görüşlərinə şərait yaradılması hökumətin inkarçı mövqeyindən daşındığını göstərmiş oldu.

Bundan başqa AŞ PA prezidenti ölkəyə  gəldi və dövlət başçısı səviyyəsində müzakirələrə nail oldu.

Bütün müzakirələrdə insan hüquqları əsas mövzu oldu.

Bu səfərlər ərəfəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov suallarımıza cavab olaraq, Azərbaycanın siyasi məhbus məsələsində Avropa  Şurası strukturları ilə müzakirələrə açıq olduğunu dedi.

Avropa Şurası bizə niyə lazımdır?

Əvvəla, bu qurumun dünyanın nüfuzlu 3-4 təşkilatından biri olduğu sirr deyil.

Avropa Şurası o təşkilatdır ki, özünün qətnamələri ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu rəsmiləşdirib.

Bir anlıq təsəvvür edin ki, Azərbaycan bu qurumla münasibətləri tam kəskinləşdirib, Assambleyada söz haqqı tanınmır və Ermənistan nümayəndə heyəti ölkəmizə qarşı nələri edər. Bu bizə lazımdırmı?

Bir neçə nəfəri israrla həbsdə saxlamaq, sərbəst toplaşmaq azadlığına qadağa qoymaq  buna dəyərmi? Əlbəttə ki, yox.

Ona görə də gözləyək ki, siyasi məhbus probleminin həllində ilin əvvəlində atılan addım davam etdiriləcək.

15 ilə yaxındır ki, ləğv olunmuş MTN-nin şərinə düşən Səid  Dadaşbəyli və onun dostları həbsdə qalmaqdadır.

Azərbaycanın başqa yolu da yoxdur. Cənubi Qafqazın 3 ölkəsinin ikisi- Gürcüstan və Ermənistan demokratiyaya keçid ediblər.

Bizim bu ölkələrdən geri qalmaq haqqımız yoxdur. Axı, Azərbaycanın demokratik dövlətçilik ənənəsi var.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti quran xalqımız XXI-ci əsrdə Gürcüstan və Ermənistana həsəd aparmağa layiq deyil.

Pərviz Həşimli

Gununsesi.org