Azərbaycan iqtisadiyyatına maraq

  • By admin
  • 06 İyun 2019 19:52
Xarici rəsmilər Azərbaycanla iqtisadi münasibətlərdən danışdı

Rusiyanın Sankt-Peterburq şəhərındə işə başlayan XXIII  Beynəlxalq İqtisadi Foruma qatılan Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov ölkələrimiz arasında iqtisadi əlaqələrin hazırki vəziyyətindən danışıb. O yaxın gələcəkdə Azərbaycana səfər edəcəyini də bildirib:

“Çox təəssüf ki, hələlik bizim İqtisadiyyat Nazirlikləri arasında ürəkaçan qarşılıqlı dialoqa nail olunmayıb. Ona görə işləmək lazımdır, əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycana səfər etməyi planlaşdırıram. Bizdə çox yaxşı tikiş fabriki var, azərbaycanlı sərmayəçilər qarşılıqlı olaraq bizim investorlarla işbirliyi qura bilərlər”.

Rusiyanın İnşaat, Mənzil-Kommunal və Təsərrüfat naziri Vladimir Yakuşov isə Azərbaycandakı iqtisadi inkişafı vurğulayaraq tikinti sahəsində, yol infrastrukturunda ciddi irəliləyişlərin əldə edilməsini qeyd edib:

“Bir neçə dəfə Bakıda olmuşam. Tikinti sahəsində çox böyük inkişaf nəzərə çarpır. Tək paytaxt deyil, Azərbaycanın digər şəhərlərində də aktiv inkişaf görünməkdədir. Azərbaycanın böyük tikinti məktəbi var . Bu sahədə ölkə hüdudlarından kənarda da tikinti işlərinizlə fərqlənirsiz. Düşünürəm bu istiqamətdə işlər gələcəkdə daha da uğurla inkişaf edəcək”.

Qeyd edək ki, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində XXIII Beynəlxalq İqtisadi Forumu işə başlayıb.

İqtisadçıların bir araya gəldiyi və iyunun 8-nə qədər davam edəcək tədbirdə 75 ölkədən 275 şirkət iştirak edəcək.

Forumda dünyada baş verən trendlər, iqtisadi inkişaf istiqamətləri, eyni zamanda tətbiq olunan yeni iqtisadi mexanizmlər barədə müzakirələrin aparılması nəzərdə tutulub.