Azərbaycan Rusiyadan qaz alır?

  • By admin
  • 03 İyun 2016 16:32

 

qazprom1

İlham Şaban: “Azərbaycan və Rusiya arasında qazın alışı ilə bağlı kifayət qədər görüşlər olub, təkliflər də verilib, ancaq “Qazprom” nədənsə, tələsmir”

 

“Qazprom” Azərbaycana qaz tədarükü üçün danışıqlara başlayıb. Qeyd edək ki, bununla bağlı müzakirələr uzun zamandır davam edir. Azərbaycanın qaz istehlakında yaranmış kəsiri müvəqqəti bağlamaq üçün “Qazprom” da bir neçə milyard kub\metr qaz almağı düşünür.

“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edir ki, Azərbaycan tərəfi Rusiyadan qaz idxalı məsələsini gündəmə hələ ötən ilin payızından gətirib: “ Özü də bu “AzMeCo” şirkəti ilə məsələ qapanandan sonra baş vermişdi. Rusiya tərəfi özünü elə elə aparır ki, sanki Azərbaycanın etdiyi təkliflərdən bixəbərdir və bu yaxınlarda baş tutacaq növbəyi görüşdə onun detallarına varmaq niyyətindədir.

Hələ ötən ilin sonunda SOCAR prezidenti Rusiyaya səfər edib “Qazprom” rəhbərliyi ilə Azərbaycanın 2016-cı il üçün mavi yanacaq idxal etmək planlarını olduğunu çatdırdı.

Azərbaycanın planı ildə 3-5 milyard kubmetr qaz idxalı məsələsini reallaşdırmaqdır. Burada məqsəd “Azəri-Çıraq-Günəşli” dəniz neft yataqlarında hasilatın yaxın illərdə stabilləşdirilməsinə nail olmaq üçün neft quyularına daha çox qaz vurulmasına nail olmaqdır. Hazırda isə BP və tərəfdaşları bu blokdan 3 mlrd kub metrə yaxın səmt qazını Hasilatın Pay Bölgüsü Sazişinə (PSA) uyğun olaraq Azərbaycan tərəfinə verirlər. Bu qaz həcmləri neft laylarına kifayət qədər vurulmadıqda neft həcmlərinin azalması qaçılmazdır. Ya da daha böyük investisiyalar edib yeni-yeni quyular qazılmalıdır. Ona görə də Azərbaycan tərəfi belə hesab edir ki, indiki şəraitdə qazın ucuz olduğu zaman nefti baha satmaq həm dövlət, həm şirkətlər üçün daha sərfəlidir. Əldə edilən gəlir hesabına həm idxal edilən qazın  pulunu ödəmək olar, həm də dövlətin Neft Fondunda əlavə qazanc əldə etməsinə imkanlar yaranar”.

İ.Şabanin apardığı təhlilə görə, digər həcmlər  yeraltı qaz anbarlarının (“Qaradağ” və “Qalmaz”) genişləndiriləndən sonra onların imkanlarından yararlanmaq məsələsini gündəmə gətirməkdir: “Belə ki, əvvəllər onların tutumu 2 milyar kub metrdən bir qədər artıq idi. Ancaq aparılan texniki işlər nəticəsində əvvəlcə YQA-nın tutumu 3,5 milyard kub metrə, daha sonra isə 5.5 milyard kub metrə qədər artırıldı. Ancaq Azərbaycan özü bu anbarlarda  heç vaxt 3,5 milyard kub metrdən çox ehtiyat toplamayıb. Belə olan tərzdə qonşu ölkələrin qazını yaz-yay mövsümündə toplayıb, sonra payız-qış mövsümündə onların özlərinin istifadəsinə vermək olar.

Göründüyü kimi, Azərbaycan və Rusiya arasında qazın mümkün alışı ilə bağlı kifayət qədər görüşlər olub, təkliflər də verilib, şirkət rəhbərliyi səviyyəsində xatırlatmalar da.  Ancaq “Qazprom” nədənsə, tələsməyib.

Nəticədə, Azərbaycan 2016-cı ilin əsas qış mövsümün pis-yaxsı başa çıxarda bildi. Hələ ki, AÇG-də hasilatın stabilləşməsi yolunda da Azərbaycanın planları işləməyə başlayıb: I rübdə Azərbaycan tərəfinə verilən qazın həcmi ötən illə müqayisədə 2 dəfə azaldılmışdı”.

Rusiya tərəfinin danışıqları uzatmasının səbəblərinə gəlincə, ekspert belə bir ehtimal irəli çəkdi: “Bəlkə Rusiya Azərbaycana Ermənistana satdığı qazdan xeyli baha qiymət təklif edib? Bu, mümkün bir variantdır. Çünki Kreml Ermənistana qazın qiymətini ötən il  ucuzlaşdıranda və bu ilin aprelində aşağı salanda bunu Gömrük İttifaqındakı vahid tariflər məsələsi ilə izah etmişdi.

Ancaq aprel olaylarından sonra “15-20 dollarlıq endirimlərlə” Azərbaycanı çətin  Kreml öz çətiri altına ala bilsin. Çünki Moskva açıq etiraf edib ki, Azərbaycan onun biznes tərəfdaşıdır, strateji yox. Elə isə Bakıya ancaq kommersiya danışıqları aparmaq qalır”

 

Leyla Səlimli

Gununsesi.info