Azərbaycan və Ermənistan arasında girovlar dəyişdirilib -

  • By admin
  • 28 İyun 2019 19:07

Cümə günü Azərbaycan və Ermənistan arasında girovlar dəyişdirilib, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib.

Bu ilin mart ayında Ermənistanla sərhəddə saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimov ilə 2017-ci ilin iyununda Qazax rayonu ərazisində saxlanılmış Ermənistan vətəndaşı Zaven Karapetyanın müvafiq olaraq tərəflərə təhvil verildiyi bildirilib, məlumatda deyilir.

Azərbaycan tərəfi Elvin İbrahimovun “girov götürülərkən yaralanması və girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qalması” səbəbilə təcili olaraq xəstəxanaya yerləşdirildiyini bildirib.

Girovların təhvili Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub, məlumatda deyilir.

Qazax rayonu Yuxarı Salahlı kənd sakini Elvin İbrahimov 16 martda girov götürülüb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Elvin İbrahimov martın 16-da Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində saxlanılarkən “xəbərdar edilib və reaksiya vermədiyi üçün” açılan atəş nəticəsində ayağından yaralanıb.

Hadisə ilə bağlı “Ermənistan Respublikasının dövlət sərhədini tələb olunan sənədlər və icazə olmadan keçmək” maddəsi üzrə cinayət işi açılıb.

Ermənistan Ədliyyə Nazirliyi aprelin 24-də bildirib ki, “Erebuni” tibb mərkəzində müayinə zamanı Elvin İbrahimovun “təcili cərrahiyə əməliyyatına ehtiyac olduğu aşkar edilib və əməliyyat əsnasında onun mədəsindən yabançı cisim kənarlaşdırılıb”.

Azərbaycan həmin vaxt əməliyyatla bağlı şərh verməyib.

“Elvin İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanıb, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılmışdır”, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aprel ayında yaydığı məlumatda deyilir.

1974-cü il təvəllüdlü Ermənistan vətəndaşı Zaven Karapetyanın Azərbaycan sərhədini pozub saxlanılması barədə 2017-ci il iyunun 20-də xəbər verilib.

Ermənistan tərəfi həmin şəxsin mülki vətəndaş və Vanadzor uşaq evində böyüdüyünü bildirmişdi. Məlumatlarda Zaven Karapetyanı tanıyanlara istinadən deyilirdi ki, onun psixiki problemləri vardır.