Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir

  • By admin
  • 16 Oktyabr 2019 21:28
Gununsesi.org xəbər verir ki, ölkəmizdə səfərdə olan Türkiyənin Hakimlər və Prokurorlar Şurasının Birinci Dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 16-da Ədliyyə Nazirliyində görüş keçirilib.
Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov görüşdə dost və qardaş ölkələrimizin bütün sahələrdə səmərəli əməkdaşlığını, bu əlaqələrin qurulmasında və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib, dövlət başçılarının iştirakı ilə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə toxunaraq dövlətlərimizin bir-birinə dəstəyini vurğulayıb.
A.Cəfərov ölkələrimizin hüquqi sahədə uğurla əməkdaş etdiyini, ədliyyə orqanlarının, o cümlədən Ədliyyə akademiyalarının səmərəli qarşılıqlı fəaliyyətini qeyd edib, Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs edərək məhkəmə hakimiyyətinin müstəqil özünü idarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səmərəli fəaliyyəti və Şuranın səlahiyyətlərinin daim artırılması barədə məlumat verib.
Həmçinin, hakimlərin Avropada ən şəffaf seçiminə və tədrisinə toxunularaq həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakı, Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçmələri məmnunluqla qeyd olunub.
Türkiyə və Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən Halil Koç Türk Şurasının Zirvə Görüşünün keçirildiyi dövrə təsadüf edən hazırkı səfərin məqsədinin türkdilli ölkələrin hüquq şuralarının bir araya gələrək əlaqələri canlandırmaq olduğunu vurğulayıb, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının fəaliyyəti haqqında məlumat verib.
Söhbət zamanı əməkdaşlığa dair və digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb, ədliyyə fəaliyyəti ilə bağlı maraq doğuran suallar ətraflı cavablandırılıb, Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətlərinin təqdirəlayiq olduğu vurğulanaraq qarşılıqlı fəaliyyətin genişləndirilməsinə niyyət ifadə olunub.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Gununsesi.org