Azərbaycana dəhşətli soyuqlar gəlir? – Nazirlik

  • By admin
  • 08 Fevral 2019 16:27

Paytaxtda və bölgələrdə hava temperaturu ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Lakin bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunacaq.

Gununsesi.org bildirir ki, bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Rusiyanın Xabarovsk əyalətindəki mənfi 50 dərəcə ilə ölçülən rekord soyuqlara səbəb olan siklonun ölkəmizə daxil olma ehtimalına münasibət bildirərkən deyib. O bildirib ki, bu gün müşahidə olunan küləkli hava şəraiti sabah da davam edəcək:

“Sabah paytaxtda şimal-qərb küləyi güclənəcək. Sonrakı günlərdə isə hava şəraitində ciddi dəyişiklik olmayacaq. Mülayim cənub şərq-küləyi müşahidə olunacaq. Havanın temperaturu fevralın 9-u və 10-da 7-9 dərəcə arasında dəyişəcək. Bölgələrdə isə 8-i axşamdan birinci ongünlüyün sonunadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv xarakter olacağı ehtimal olunur”.

Qeyd edək ki, Rusiyanın Xabarovsk əyalətinin Verxnebureinsk rayonunda bu gecə 50 dərəcə, Komsomolsk-Amurda isə 43 dərəcə şaxta qeydə alınıb. Xabarovsk hidrometeoroloji bürosu temperaturun iqlim normasından 10 dərəcəyə qədər aşağı olduğunu və bunun sözügedən əyalət üçün xarakterik olmadığını bildirib.