Azərbaycandakı alman(İsveçrə) məskəni haqqında maraqlı – ARAŞDIRMA - FOTOLAR

  • By admin
  • 10 Yanvar 2020 14:03

İsveçdə yaşayan azərbaycanlı siyasi fəal Elnur Sadigov Goranboyun Todan kəndindəki alman (İsveçrə) məskəni haqqında maraqlı araşdırma edib.

 

Gununsesi.org həmin araşdırmanı təqdim edir:
“Dünən təsadüfi bir söhbət məni Azərbaycanda 110 il bundan öncə salınmış İsveçrə (alman) məskəninin izinə saldı.
Uşaq vaxtı qohumlarımızdan Goranboyun Todan kəndində almanların məskunlaşdığı haqqında eşitmişdim .Amma azərbaycandilli internet resurslarında axtarış verərkən demək olar ki, heç bir məlumata rast gəlinmirdi.
Nəhayət, dünən almandilli resurslarda axtarış verdikdə geniş məlumatlar üzə çıxdı. İsveçrə mənşəli alman ailələrinin 110 il öncə Goranboyun Todan kəndinə necə gəlib çıxmaları və onların 25 il ərzində Todandakı həyatlarından bəhs edən tarixi oçerk çox maraqlıdır.
1909-cu ildə Siegenthaler ailəsi bank hərracında Николай Александрович Бегларов adlı şahzadənin Yelizavetpol quberniyasının Todan kəndindəki 1066 desyatinlik mülkünü alırlar. 1910-cu ildə Ernst Siegenthaler və başqa bir neçə ailə Todana köçürlər. Burada Siegenthaler-lər arıçılıq təsərüffatı və İsveçrənin məşhur “Emmental” pendirini istehsal edən südçülük təsərrüfatı yaradırlar. Balçılıq və südçülük texnologiyasını da yerli əhaliyə ötürürlər.
Todanlılar almanlardan arı saxlamağı, pendir istehsal etməyi öyrənirlər. Daşdan ev tikməyi də yerli əhali almanlardan öyrənirlər. İsveçrə almanlarının təsərrüfatında 45-50 arası türk (onlar tatar yazırlar) və erməni işləyirmiş.
Oktyabr inqilabından sonra çar Rusiyasında özbaşınalıq baş alıb gedir. Cinayətkarlıq artır. Cinayətkarlar tez-tez almanların mülklərini yağmalayır. Buna baxmayaraq almanlar ölkəni tərk etmirlər.
Nəhayət, sovetlərin gəlməsiylə kolxozlaşma başlayır. Siegenthaler ailəsinə məxsus bütün mülkiyyət ailənin “könüllü razılığıyla” ermənilərdən təşkil olunmuş Mənəş kənd kolxozuna verilir. Ailə də 1935-ci ilin 12 aprelində, səfalət içində,ac-yalavac qatarla Kirovabad-Bakı-Moskva-Minsk-Varşava-Berlin-Bern marşurutuyla Sovet Azərbaycanından “yola salınır”.
Yazının ikici bölümü:
Elnur Sadiqov İsveçrədə yaşayan həmin alman ailələrinin sağ qalan üzvlərini tapmış, onlarla görüşmüş, onların ailə və dövlət arxivlərində saxladıqları maraqlı məlumatlarla, şəkillərlə tanış olmuşdur. Yaxın vaxtlarda Elnur Sadiqovun səfər təəssüratlarını, əldə etdiyi şəkilləri, xəritələri yenə Todan səhifəsində sizlərlə bölüşəcəyik.
Hələliksə, 80 ci illərdən yaddaşımda qalan bir xatirəni danışım sizə.
Təxminən 1980 ci illərin əvvəlləri idi. O vaxtı 11-12 yaşım ancaq olardı. Kəndimizdə “Gödək dərə” deyilən yerdə kartof yığırdıq. Quşçu kəndi tərəfdən piyada bir nəfərin gəldiyini gördük. Sarışın, orta boylu, 45-50 yaşları olan bir kişi əlində xəritə bizə yaxınlaşdı. Xarici dildə nəsə soruşur, əl hərəkətləri ilə Erkəc kəndi istiqamətini göstərirək, nəyisə başa salmağa çalışırdı. Onun dediklərini başa düşməsək də, kolxoz briqadiri Nuru Həsənəliyev bu adamın “şpion” olduğu qənaətinə gəlmişdi.
O vaxtı kəndimizin Slavik adlı erməni sahə müvəkkili var idi-camaat “uçastkovu” deyirdi ona. Tərs kimi həmin gün uçastkovu kənddə idi. Nuru uçastkovıya xəbər göndərir ki, burda bir cəsus var, tez özünü yetir. Uçastkovu UAZ markalı maşını ilə gəlib “Lemsə” deyilən yerdə öz aləmində “şpion”u tutaraq, adamı rayon mərkəzindəki milis idarəsinə aparmışdı. Atam Tofiq Əmrahov həmin vaxtlar kəndimizdə kolxoz sədri vəzifəsində işləyirdi.
Yuxarıda yazdıqlarımdan sonra xəbər tutmuşdu. Atam danışır ki, həmin adamı milis idarəsinə aparandan sonra məlum olur ki, bu adam “şpion” yox, vaxtilə Todan kəndindəki “Lemsə” deyilən ərazidə yaşamış alman Albert olub. Təəssüf ki, Todan həsrəti, Lemsədəki evlərini görmək arzusu ilə böyük bir yol qət edərək İsveçrədən Azərbaycana gəlmiş, piyada Çaykənddən Todana gələn Albert ona belə bir sürpriz hazırlanacağını gözləmirdi. O vaxtlar keçmiş Şaumyan Rayon Partiya Komitəsinin I katibi olmuş R. Mirzoyevə də bu xəbər çatır. Alberti raykoma dəvət edərək ondan milisin etdiyi səhvə görə üzr istəmiş, maşın ayıraraq gəldiyi yerə, indiki Göy Göl rayon mərkəzinə göndərmişdi.
Albert indi həyatda yoxdur. Oğlu bu dediklərimi Elnura danışaraq, təsdiq etmişdir. Vaxtilə Albert Todan kəndini, “Lemsə”ni doyunca gəzə, şəkillər çəkə bilməsə də, Elnur onun arzusunu qismən də olsa yerinə yetirmiş, övladlarını gedib İsveçrədə ziyarət etmiş, ikinci vətənləri Azərbaycandan, Todandan onlara salam aparmışdır. Salam aparan sağ olsun.
Birinci şəkildəki Albertin özüdür, ikinci şəkildə ortada olan xanım Todanda doğulub, 10 yaşa qədər burda yaşayıb, üçüncü şəkil bütün ailənin Elnurun gəlişi səbəbi ilə təşkil etdikləri ziyafətdəndir.
© Xaliq Əmrahov