Azərbaycanda BƏƏ-nin 340-dan çox şirkəti qeydiyyata alınıb

  • By admin
  • 13 Noyabr 2019 21:57

Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və s. sahələrdə 340-dan çox Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkəti qeydiyyata alınıb.

Gununsesi.org xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov BƏƏ İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri arasında keçirilən görüşü zamanı deyib.

Onun sözlərinə görə, ölkələr arasında zəruri müqavilə-hüquqi baza yaradılıb, müxtəlif sahələrdə 30-dan çox sənəd imzalanıb.

İkitərəfli əlaqələrdə investisiya əməkdaşlığının önəmini vurğulayan M. Cabbarov BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 mln. dollarından çox sərmayə yatırıldığını diqqətə çatdırıb.

Nazir həmçinin qeyd edib ki, 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 38% artıb. Artım tendensiyası bu ilin 9 ayında da davam edərək 22,5% təşkil edib.

M. Cabbarov Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsinin və Ticarət Evinin fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, qarşılıqlı ticarət həcminin daha da artırılmasının və strukturunun şaxələndirilməsinin önəmini vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.

Öz növbəsində BƏƏ İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində keçirilən görüşlərin rolunu vurğulayıb.

Görüşdə iki ölkə arasında enerji, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, qida təhlükəsizliyi, İKT, ticarət, investisiya, maliyyə, gömrük, kiçik və orta biznes, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Həmçinin bu gün Azərbaycan Hökuməti və BƏƏ Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

Azərbaycanın İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı istiqamətində keçirilən işgüzar görüşlərin, sərgilərin, yarmarkaların əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, indiyədək Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub, Dubayda hər il ənənəvi olaraq keçirilən “Global Village” sərgisində Azərbaycan pavilyonu açılıb. Azərbaycan şirkətlərinin “Dubay EXPO-2020” sərgisində də iştirakı nəzərdə tutulur.

İclasın sonunda Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri imzalayıblar. Sənəddə ticarət, sərmayə, sənaye, energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, nəqliyyat, rabitə və yüksək texnologiyalar, innovasiya və rəqəmsallaşdırma, turizm, mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

 

Gununsesi.org