Azərbaycanda debat adına efirdə vaxt itirilir - EKSPERT İMAMOĞLU VƏ YILDIRIMIN DEBATINDAN DANIŞDI

  • By admin
  • 18 İyun 2019 12:02

“Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədlər Əkrəm İmamoğlu və Binəli Yıldırım arasında dünən, iyunun 16-da keçirilən teledebat demokratik cəmiyyət üçün fikir plüralizminin vacibliyini ortaya qoydu”.

Gununsesi.org xəbər verir ki, bunu Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyib.

H.Həsənov bu il Azərbaycanda da bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb. Ardınca da əlavə edib ki, Azərbaycanda da seçicilərin namizədləri belə dəyərləndirmək imkanlarının olmasını arzulayır: «Amma Azərbaycanda debat adına efirdə vaxt itirilir».

H.Həsənov hesab edir ki, bələdiyyə seçkilərinə indidən hazırlaşılmalı və seçki islahatları keçirilməlidir: “İndiki halda Azərbaycanda bələdiyyələrin vəziyyəti və qanunvericilik bələdiyyə seçkilərinə belə maraq yaratmır”.

Onun fikrincə, buna səbəb Türkiyə ilə Azərbaycanda bələdiyyəçiliyin mahiyyətində fərqlərin olmasıdır: “Belə ki, Türkiyədə bələdiyyələr yerlərdə real hakimiyyətə, maliyyə imkanlarına, səlahiyyətlərə malik, oturuşmuş qüvvədir. Bizdə isə belə deyil”. H.Həsənov hesab edir ki, “Amma hələ ki, vaxt var. Bələdiyyələrin cəmiyyətdə nüfuzunu qaldırmaq olar ki, bu seçkilərə maraq artsın. Bunun üçün də ilk növbədə azad, ədalətli bələdiyyə seçkiləri keçirilməlidir”.

Azərbaycanın rəsmiləri isə seçki sahəsində tənqidləri bir elə də qəbul etmirlər. Onların fikrincə, Azərbaycanda keçirilən istər bələdiyyə, istərsə də başqa seçkilər xalqın tam iradəsini ifadə edir.

Hafiz Həsənov
Hafiz Həsənov

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Bu il Azərbaycanda V bələdiyyə seçkiləri keçirilməlidir.

Bu il martın 31-də Türkiyədə də bələdiyyə seçkiləri keçirilib. Ə.İmamoğlu Cümhuriyyət Xalq Partiyasından, B.Yıldırım hakim Ədalət və İnkişaf Partiyasından İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd göstərilib. Ə.İmamoğlunun qalib gəldiyi açıqlansa da və o, 18 gün bələdiyyə sədri kimi fəaliyyət göstərsə də, sonradan hakim partiyanın şikayətinə əsasən seçkinin nəticələri ləğv edilib. İyunun 24-də yenidən İstanbul Böyük Şəhər Bələdiyyəsinə seçki olmalıdır.

Gununsesi.org