Azərbaycanda ilk dəfə olaraq “Organic Food Festival”-ı keçiriləcək

  • By admin
  • 21 İyun 2019 21:15

Bu gündən iyunun 23-nə qədər Bakıda, Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) keçirilir.

Gununsesi.org xəbər verir ki, bulvar ərazisində təşkil olunan festivalda kiçik sahibkarlar iştirak edib, müxtəlif məhsulları satışa çıxarıblar. Festival bu gün fəaliyyətə başlasa da, kifayət qədər maraq göstərən var. Eyni zamanda ərazidə səhnə də qurulub və hər gün saat 20-dən etibarən konsert proqramlarının təşkili nəzərdə tutulub. Söhbət etdiyimiz sahibkarlar bildirdilər ki, ilk gün müştəriləri az olsa da, növbəti günlərdə vəziyyətin dəyişəcəyinə inanırlar. Festival ərazisində rusiyalı və ərəb turistlər üstünlük təşkil edirdi. Festival Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC tərəfindən təşkil olunub. Festivalda 50-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunur.

Məlumat verilib ki, mikro və kiçik sahibkarlar onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını (bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s.), eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim edirlər.

Onu da qeyd edək ki, bu festival Azərbaycanda ilk dəfədir ki, keçirilir.

Gununsesi.org