Azərbaycanın ən ədalətli hakiminin hədəfə gəlməsinin səbəbi bəlli oldu - ARAŞDIRMA

  • By admin
  • 06 Dekabr 2018 20:57

Gununsesi.org-un hələ bir neçə gün öncə “Azərbaycanın ən vicdanlı hakimi barəsində intizam icraatı başlayıb– RÜŞVƏTDƏN UZAQ NAMİQ CƏFƏROV KİMLƏRİN QƏZƏBİNƏ TUŞ GƏLİB?” 

başlıqlı yazı geniş rezonansa səbəb olub. Xatırladaq ki, məhkəmə sistemində azsaylı ədalətli hakimlərdən biri kimi tanınan Namiq Cəfərov barəsində Məhkəmə-Hüquq Şurasında intizam icraatı başlanıb.

Xəbərdə bu prosedurun Ali Məhkəmə rəhbərliyinin göstərişi ilə başlandığı da vurğulanıb.

Bu arada Azadlıq radiosu Namiq Cəfərovla bağlı baş verənləri araşdırıb.

«Rüşvət almayan», «sifarişlərə əhəmiyyət verməyən» hakim kimi tanının Namiq Cəfərovun haqqında cəza prosedurunun başlanmasına səbəb olan işin detalları AzadlıqRadiosuna bəlli olub. Bakı Apellyasiya Məhkəməsinin hakimi olan N.Cəfərov bu il aprelin 13-də çıxardığı bir qərarda vəkil Bəylər Məmişovu saxta sənəd hazırlamaqda və onu məhkəməyə təqdim etməkdə suçlayıb. Söhbət «Xudafərin» tikinti şirkətinin inşa etdiyi binada mənzil satışı barədə müqavilədən gedir.
Gülyaz Xəlilova 14 il əvvəl bu şirkətin tikdiyi binadan mənzil alıb, orada yaşayır. 2017-ci ildə İran vətəndaşı olan Həsən Əlipur məhkəmədə iddia qaldırıb ki, G.Xəlilovanın «Xudafərin»lə 14 sentyabr 2004-cü ildə bağladığı müqavilə etibarsız sayılsın, mənzil boşaldılıb ona təhvil verilsin.
Məhkəməyə də «Xudafərin»lə bağlanmış 11 aprel 2003-cü il tarixli başqa bir müqavilə təqdim edib.
İddiaçının arqumenti belə olub ki, o, mənzili daha əvvəl alıb. Bu mübahisəyə Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayev baxıb. O, H.Əlipurun təqdim etdiyi müqaviləni əsas götürüb, 12 sentyabr 2017-ci ildə çıxardığı qətnamə ilə onun G.Xəlilovaya və «Xudafərin» MMC-yə qarşı iddiasını təmin edib.
Sənəd müqavilədən sonra verilib
G.Xəlilova qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində N.Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası bir neçə ay bu işi araşdırıb, axırda o nəticəyə gəlib ki, H.Əlipurun təqdim etdiyi müqavilə saxtadır. Prosesin gedişində apellyasiya məhkəməsi ekspertiza təyin edib.
Ekspert martın 5-də verdiyi qərarda yazıb ki, G.Xəlilova ilə H.Əlipurun müqavilələrinə direktor qrafasına «Xudafərin» şirkətindən eyni adamın adından imza atılsa da, imzalar fərqlidir. Ancaq ekspert hansı müqavilədəki imzanın həqiqi olduğunu müəyyənləşdirməyib.
Apellyasiya Məhkəməsi bu işlə əlaqədar Daxili Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu göndərib. Cavab gəlib ki, H.Əlipur ilk dəfə 2005-ci ilin fevralında Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınıb. Ona ölkədə 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyat vəsiqəsi verilib. AZ seriyalı vəsiqənin nömrəsi də cavabda öz əksini tapıb.
Həmin vəsiqənin nömrəsi tikinti şirkətiylə H.Əlipur arasındakı müqavilədə də qeyd olunub. Apellyasiya məhkəməsi bunu müqavilənin saxta olmasına sübut kimi qiymətləndirib: «2005-ci ildə Azərbaycan Respublikasının sənədi ilə təmin olunan şəxs 2003-cü ildə həmin sənədlə müqavilə bağlaya bilməzdi. 2003-cü ildə Həsən Əlipur Əbülfət oğlunda Azərbaycan Respublikasının sənədi olmayıb. Müqavilədə şəxsiyyətini təsdiq etmək üçün göstərilən sənəd isə müqavilənin tarixindən 4 il sonra – 30 aprel 2007-ci ildə verilib».
Bundan əlavə, H.Əlipurun müqaviləsində onun yaşayış yeri kimi göstərilən ünvana onun 2005-ci ildə qeydiyyata düşdüyü məlum olub. Müqavilənin isə 2003-cü ildə bağlandığı göstərilib. Müqavilədə ünvan İzzət Həmidov küçəsi göstərilib. Bu, həmin küçənin indiki adıdır, əvvəlki adı isə Pabrolyubov olub. H.Əlipura verilən ilk qeydiyyat vəsiqəsində də ünvan kimi, küçənin adı Pabrolyubov yazılıb.
Hansı müqavilə daha çox saralıb
Bakı Apellyasiya Məhkəməsinin qərarında həm də kağızın keyfiyyəti məsələsinə toxunulub. Hakimlər belə nəticəyə gəlib ki, H.Əlipurun müqaviləsinin tərtib edildiyi kağız zaman baxımından G.Xəlilovanın müqaviləsinin kağızından sonra istehsal olunub:
«Kağız kağızın tərkibində olan sellülozun oksidləşməsi və xromoforların yaranması nəticəsində tədricən saralır və deformasiya olur. Müqavilələri bir-biri ilə müqayisə etdikdə adi vizual baxışdan görünür ki, Gülyaz Xəlilovanın müqaviləsinin kağızı Həsən Əlipurun müqaviləsinin kağızından daha çox saralmaya və deformasiyaya məruz qalıb».
Ekspertiza təyin olunarkən bu əlamətlərə görə hansı müqavilənin kağızının zaman etibarilə daha əvvələ aid olması barədə ekspert qarşısında sual qoyulub. Lakin ekspert həmin suala cavab verməkdən imtina edib. İmtinanı da belə əsaslandırıb ki, bununla bağlı elmi cəhətdən işlənib hazırlanmış̧ metodika yoxdur.
Ali Məhkəmə nə qərar verib
H.Əlipur və vəkili Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə mənzil mübahisəsiylə bağlı hissədə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Belə nəticəyə gəlib ki, H.Əlipurun müqaviləsi etibarsız sayılmalıdır.
Cinayət işi Qərarda yazılan bəzi fikirləri vulqar ifadə kimi qiymətləndirən Ali Məhkəmə həmin cümlələrin, bir də vəkil B.Məmişov haqqında fikirlərin çıxarılması barədə qərar verib. Apellyasiya məhkəməsinin qərarında müqavilənin saxtalaşdırılmasına görə vəkil ittiham olunur.
Ali Məhkəmə isə bildirir ki, iddiaçı və nümayəndəsi sübutları saxtalaşdırmaqda ittiham olunsa da, bu əməlin məhz onlar tərəfindən törədildiyini təsdiqləyən sübut yoxdur: «Qətnamədə vəkilin və işdə iştirak edən digər şəxslərin şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirə biləcək məlumatlar da öz əksini tapıb».
«Yolverilməz ifadələr»
Hakim N.Cəfərov öz qərarında 2003-cü ilə aid müqaviləyə 2007-ci ildə verilmiş vəsiqənin nömrəsinin yazılmasının ağlabatan olmamasını izah edərkən belə bir cümlə yazıb: «Zamanda səyahət mümkün deyil, heç kəs vəsiqəsi ilə birlikdə keçmişə gedib müqavilə bağlaya bilməz».
Ali Məhkəmə qərarda belə ifadələrin yazılmasını yolverilməz hesab edərək, qətnamədən çıxarıb. Vəkil haqqında yazılanlar və digər ifadələrə görə isə hakim N.Cəfərov haqqında xüsusi qərar çıxarılıb. Onun da əsasında Məhkəmə Hüquq Şurası hakimin barəsində intizam icraatı başlayıb. Vəkil B.Məmişov isə məhkəməyə təqdim etdikləri müqavilənin saxta olması barədə məhkəmənin gəldiyi nəticə ilə də razılaşmır.
AzadlıqRadiosuna açıqlamasında bildirib ki, ekspertiza hər iki müqavilədəki möhürün həqiqiliyi və «Xudafərin» şirkətinə məxsusluğu barədə rəy verib: «Müqavilənin saxtalığından söhbət gedə bilməz. Müqavilədəki möhür tikinti şirkətinə məxsusdursa, ekspertiza da bu barədə rəy veribsə, biz onu necə saxtalaşdırmışıq?».
«Xudafərin» MMC «Amay Abdulla» kimi tanınan işadamı Abdulla Abdullayevə məxsusdur. Bu şirkətin inşa etdiyi binalarda mənzillərin pulu ödənilsə də, təhvil verilməməsi ilə bağlı bir neçə cinayət işi olub.