Azərbaycanın futzal millisi qrup mərhələsini birinci pillədə başa vurub

  • By admin
  • 26 Oktyabr 2019 21:48

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsinin III qrupunda son oyununa çıxıb.

Gununsesi.org-un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən oyun qrup birincisinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub. Azərbaycan yığması rəqibini məğlub etməklə (2:0) qrupu birinci pillədə başa vura bilib.

Görüşdə hesab 29-cu dəqiqənin 21-ci saniyəsində açılıb. Braziliyalı legioner Bonilya Azərbaycan millisini önə keçirib. 34-cü dəqiqənin 38-ci saniyəsində digər braziliyalı oyunçu Vassoura fərqi iki topa çatdırıb.

Qeyd edək ki, ilk iki turda Slovakiya və Azərbaycan milliləri qələbə qazanmaqla elit-raunda vəsiqəni öncədən təmin ediblər. Yığma birinci turda Moldovanı 3:1, II turda isə Monteneqronu 3:2 hesabı ilə üstələyib.

 

Gununsesi.org