Azərbaycanlı jurnalist beynəlxalq mükafat aldı

  • By admin
  • 20 Noyabr 2019 19:36

 

Noyabrın 19-da Vilnyusda Fritt Ord Fondu (The Fritt Ord Foundation) və ZEIT Fondu tərəfindən verilən 2019-cu il üçün “Azad media” mükafatının təqdimatı mərasimi keçirilib.

Gununsesi.org bildirir ki, mükafatın laureatları arasında azərbaycanlı araşdırmaçı jurnalist Hafiz Babalı da var.

Ondan başqa, Rusiyanın 7×7 onlayn qəzeti, Moskvanın İnsayder müstəqil media platforması, Ermənistandan CivilNet media platforması və Novoe Brema müstəqil həftəlik jurnalı var.

“2019-cu il üçün “Azad media” mükafatının beş laureatı da korrupsiya, mütəşəkkil cinayətkarlıq, insan hüquqlarının pozulması və hakimiyyətdən sui-istifadə faktlarını fəal şəkildə ifşa edən jurnalistlərdir”, deyə Fondun icraçı direktoru Knut Olav Amos bildirib.

Mərasimdən əvvəl medianın problemləri mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Hafiz Babalı Azərbaycanda araşdırmaçı jurnalistikanın vəziyyəti, bu sahədəki problemlər haqqında danışıb. Onun sözlərinə görə, araşdırmaçı jurnalistlər təhlükəsizlik, informasiya əldə etməklə bağlı çətinliklərlə qarşılaşırlar.

Qanunvericilik informasiya, xüsusən ticari hüquqi şəxslərin sahibləri haqqında məlumatların əldə edilməsini məhdudlaşdırır. Bundan başqa, təcrübədə qanunla əldə edilməsi məhdudlaşdırılmayan məlumatın əldə edilməsində də çətinlik var.

Bundan əlavə, diffamasiyaya görə cinayət məsuliyyətinin mövcudluğundan da araşdırmaçı jurnalistlərə təzyiq üçün istifadə oluna bilir.

2016-cı ildən etibarən Free Media Awards mükafatları hər il Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Gürcüstan və ya Ermənistanın müstəqil jurnalistlərinə və ya cəsur KİV təşkilatlarına təqdim edilir. 2019-cu il mükafatları 2019-cu il noyabrın 18-19-da Litvanın Vilnyus şəhərində Fritt Ord Fondu və ZEIT-Stifung-un himayəsi altında keçirilən Free Media Awards konfransında təqdim edilib. Mətbuat üçün mükafatların ölçüsü hər bir laureat üçün 15 000 avro təşkil edir.