“Azərenerji”dən “Azərişıq”a “əmanət” qalan debitor fırıldağı

  • By admin
  • 27 May 2016 13:44

azishiq

Bir xeyli müddət əvvəl səlahiyyətlərinin bir qismi əlindən alınaraq “Bakıelektrikşəbəkə”nin nəzdində yaradılan “Azərişıq”a verilən “Azərenerji”nin dövlətə nə az – nə çox, düz 880 milyon manat borcu var.

Bunu da biz deyil, faktlar, rəqəmlər, konkret olaraq dövlət qurumlarında audit yoxlamaları aparan Hesablama Palatası deyir, daha doğrusu, həmin qurumun bu günlərdə açıqladığı növbəti hesabatda göstərilir.

Bu barədə bir az sonra… İndi keçək mətləbə.

İnsaf və ədalət naminə ilk öncə onu qeyd edim ki, hələ keçmiş sovetlər dövründə dövlətlə, konkret dövlət qurumu ilə vətəndaşlar arasında işıq, daha dəqiqi, işıq pullarının yığımı məsələsində daim problem yaşanıb. Yəni, bu məsələ heç də son ayların, son illərin məsələsi, problemi deyil, onun kökləri çox dərinə, uzaq illərə gedib çıxır. O zamanlar necə deyərlər, işıq pulunu yığanlar sayğaclarda qanunu və qanunsuz şəkildə əksini tapan rəqəmlərin, məbləğin ödənilməsində vətəndaşlarla, abonentlərlə bir növ “qarşılıqlı anlaşmaya” gedirdi, “nə şiş yanırdı, nə kabab”, yəni, məsələ beləliklə “qapanırdı”… Amma əslində problem elə yerindəcə saymaqda davam edirdi…

Çox təəssüflər olsun ki, bu problem müstəqillik əldə etdyimiz illərdə də davam etdi, insanların haqlı və haqsız şəkildə üstlərinə yazılan, yığılan işıq pulu borcları problemi həllini tapmadı. Düzdür, 2000-ci illərin ortalarında dövlət başçısı tərəfindən bununla bağlı çox müdrik, tarixi addım atıldı, insanların həmin dövrə qədər olan borcları silindi, bağışlandı, ancaq həmin dövrdən sonra yenə də bu məsələdə “Azərenerji”nin məsuliyyətsiz məsulları uzündən abonentlərlə bu problem “yeni mərhələdə və yeni rakursda” üzə çıxdı və bunun günümüzə qədər davam etməsi də ciddi narahatlıq doğurur. Yəni, son illərdə də abonentlərin ödəyə bilməyəcəkləri və ödəməli olmadıqları borclar onların üstünə yazılır, yığılır.

Bu məsələdə hər şeyi işıq, enerji məsələsinə məsul olan qurum və şəxslərin üzərinə də tam yıxmaq insafdan olmazdı, burada bəzi abonentlərin özlərinin də xətası, məsuliyyətsizliyi az deyil, yəni, onlar da bəzən qanuni və qanunsuz şəkildə istifadə etdikləri enerjinin, işığın pulunu ödəmirlər və ya ödəmək istəmirlər. Bu da düzgün və qanuni hal deyil. Heç kəs özünü qanundan ucada görməməli və tutmamalıdır.

Yeri gəlmişkən, bu məsələdə problemdən rahat çıxış yolu ola biləcək kart sisteminin tətbiqi də çox təəssüflər olsun ki, hələ ki, bütün ölkə ərazisini əhatə etməyib, bu məsələdə də xeyli gecikmələr, axsamalar var.

Keçək məsələnin digər tərəfinə. Şəxsən mən özüm 10 ildir ki, Abşeron rayonunun Qobu qəsəbəsində yaşayıram. Bu bölgə məsafəcə şəhərdən uzaq olmasa da, ancaq illərdir sözün əsl mənasında bütün məsələlərdə könüldən iraqda, gözdən uzaqda, geridə qalıb. Ölkənin ən ucqar bölgələrində, hətta, qışın oğlan çağında işıq, elekrtik enerjisi mövcud olduğu, işıqlar nadir hallarda söndüyü və ya söndürüldüyü halda, şəkililər demişkən, “ağzımızın içində” olan bu bölgədə işıq, elektrik enerjisi ilə təminat, kabelləşdirmə çox zəif və bərbad olub. Nəinki dəqiqələr, saatlar, hətta, günlərlə, həftələrlə, aylarla bu bölgədə işıq olmayıb, olubsa da olmamış kimi, ya dəqiqədəbir sönüb, söndürülüb, ya da çox zəif…Elektrik qızdırıcıları bir yana qalsın, hec televizoru və soyuducunu işlətmək gücündə olmayıb…

Şəxsən bu on il ərzində işığın zəifliyi, tez-tez qısaqapanmaların olması, elekrik naqillərinin sıradan çıxması üzündən televizorumuz ən azı 6-7 dəfə xarab olub, ən azı 4-5 dəfə soyuducunun motoru sıradan çıxıb, evi az da olsa qızdırmaq üçün istifadə etdiyimiz qanuni elektrik qızdırıcılarının say-hesabını isə artıq itirmişik, hamısı, yararsız, istifadəsiz hala düşüb, bunların da nə qədər maliyyə itkisi olması ayrı məsələ.

Ən azı bu məsələyə, bu iddiaya telefonlarımdakı mesajlar, telefon nömrələri şahidlik edə bilər, çoxlarını hələ də “yadigar” və sübut olaraq saxlamışam. İşığın kəsilməsi, tez-tez qısaqapanmaların baş verməsi, elektrik naqillərinin sıradan çıxması ilə bağlı Abşeron İşıq İdarəsinin rəhbərliyinə, sıravi əməkdaşlarına, adını etik səbəblərdən çəkmək istəmədiyim “Azərenerji”dəki keçmiş tanışıma – keçmiş həmkarıma mesaj yazmaqdan, zəng etməkdən, loru dillə desəm, barmaqlarım döyənək olub.. .Hətta, əlacsız qalıb, ümidim hər yerdən üzüləndə ərk etdiyim bir neçə millət vəkilinə işıq, elektrik enerjisi probleminin olması və buna köməklik göstərilməsi ilə bağlı saysız- hesabsız zənglər, xahişlər də etmişəm, hələ onu demirəm, hesaba qatmıram…

Yaşadğım 10 il ərzində, daha doğrusu, 2014-cü ilin may-iyununa kimi də evimizə (o cümlədən, ətrafımızda yaşayan insanlar da ) öz xərcimə işıq, elektrik xətti çəkdirmişəm, müraciətlərimə baxmayaraq, nə yerli bələdiyyə, nə yerli icra qurumu, nə də Abşeron İşıq İdarəsi (“Sumqayıtelektrikşəbəkə”) kömək edib, heç nədən ən azı min-min beş yüz manat pulum gedib… Sadəcə, 2014-cü ilin yazında qəsəbədə kabelləşdirmə aparılandan sonra bir qədər dinclik tapsam da, yenə də işıqlarımız günlərlə, həftələrlə söndürülüb, söndürülür… İndi bütün bunlardan sonra çox maraqlıdır ki, üstümüzə iki ilə yaxındır qanuni işıq pulu ilə yanaşı qanunsuz, haradan icad olunduğu bilinməyən debitor borcu yazılıb, yazılır…

Əvvəllər deyirdim bəlkə tək bizə yazılıb, amma sonradan öyrəndim ki, bütün qəsəbə sakinlərinə min-min yeddi yüz manat arası debitor borcu pərçimlənib… Bizə də nə az-nə çox, min yüz manata yaxın “debitor borcu” yazılıb… Hansı ki, 2006-cı ilin sentyabrın sonlarından orada yaşayırıq, 2006-cı ili heç demirəm, ən azı 2007-ci ildən bu yana hər ay işıq pulu ödəmişik, həm əlbələl, həm də poçt-elektron ödəniş sistemi vasitəsi ilə… Hətta, elə müddət olub ki, həyat yoldaşımın maaşından da əlavə olaraq işıq pulu tutulub, bunun şahidləri də var, 2007-ci ildən bu yana aybaay ödəniş etdiyimiz qəbzlər də ortadadır…

Axı, həm də necə ola bilər və ya necə olur ki, yuxarıda da qeyd etdiyimiz kimi, saatlarla, günlərlə, aylarla işıq üzünə həsrət qaldığımız, evdə soyuqdan üşüdüyümüz halda bu qədər “debitor borcu” yaranıb, bu debitor hoqqası haradan çıxıb? Və yaxud, ödədiyimiz ödənişlər az olubsa, istifadə edilən enerji sərfiyyatına adekvat deyilsə, niyə illərlə işıq-elektrik xəttimiz kəsilməyib, ana xətdən ayrılmayıb? Bizim bu qədərmi ala gözümüzə – qara qaşımıza aşiq olublar? Heç inanmağım gəlmir və inandırıcı da deyil…

Bu məsələnin həlli ilə bağlı bu günlərdə “Azərişıq”ın Xırdalanda yerləşən ofisinə də baş çəkdim, məni mədəni şəkildə qarşılasalar da, normal tərzdə dinləsələr də, amma heç bir qaneedici və əsalandırılmış  cavab da  verə bilmədilər, sözlərindən belə çıxdı ki, axır-əvvəl haqq-nahaq bu pul ödənilməlidir, əgər komissiya araşdırıb, “güzəştə” getməsə… Sadəcə, belə “izahat” verildi ki, sizə hər ay (2008-2014-cü ilə qədər təxminən) 30 man pul yazılıb…və nəticədə də ödənilən ödənişdən asılı olmayaraq bu qədər “debitor borcu” yığılıb…

Mən də sual etdim və indi də edirəm ki, o zaman niyə xəttimiz kəsilmirdi və yaxud  saatlarla, günlərlə işıq olmadığı halda,  hər ay otuz manatlıq enerji sərfiyyatı haradan peyda olub, oldu? Ən əsası necə ola bilər ki, sərt payız-qış aylarında da 30 manatlıq enerji sərfiyyatı olsun, isti-qızmar yaz-yay aylarında da?

Sizcə, haqlı deyiləmmi, sizcə, gətirilən “məntiq”, verilən “izahat” gülməli və ağlamalı deyilmi?!

İndi yazının əvvəlindəki statistikaya – borc məsələsinə qayıtmaq istəyirəm – yəni, 880 miyonluq borca…Deməli, “Azərenerji” bu borcu və digər borclarını, “ziyanı”nı “Azərişıq” vasitəsilə sadəcə, insanlardan tutdurmaq, debitor fırıldağı altında, abonentlərin belindən, qabırğasından çıxarmaq istəyir?! Hər halda bilinən və görünən budur… Bunun başqa izahi da yoxdur… Yoxsa, belə bir “debitor borcu”, əslində, debitor fırıldağı ortada olmazdı…

Odur ki, heç olmasa, yeni yaranmış “Azərişıq” rəhbərliyi  “Azərenerji”nin bu “əmanəti”nə əncam çəkməli, debitor fırıldağını aradan qaldırmalı və bunu edənləri qanuni yollarla məşhər ayağına cəkdirməlidir. Yəni, bu, gərəkir və ümid bunadır…

Yoldaşlar, ağalar, bəylər, cənablar, heç kimin çırağını heç nədən söndürməyin, çıraq söndürənin də özünün çırağı bir gün söndürülər… Bunu da unutmayın. Allah heç birimizin də hər mənada çırağını söndürməsin, sönməyə qoymasın!!!

Kamil Həmzəoğlu

Gün.Az