“Azəriqaz” vətəndaşların cibinə girir - LİMİT FIRILDAQLIĞI

  • By admin
  • 06 Yanvar 2018 12:30

“Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə baku.ws-ə Şəki rayonu Orta Zəyzid kənd sakini Sakit Bəkirova bildirib.

Onun sözlərinə görə, ötən gün “Azəriqaz”ın əməkdaşı Gülüstan Bayramov abonentin evinə gələrək sayğacı sıfırlayıb və yekun borc 38.70 AZN müəyyən edib.

Abonent Sakit Bəkirovaya təqdim olunan qəbzdə isə son göstəricinin tarixi bir həftə əvvəli, yəni dekabrın 29-u qeyd olunub.

Şikayətçi abonent deyir ki, sayğaca dekabrın 27-də 50 manat məbləğində qaz yükləmişdi. Bu qəbzdə də qeyd olunub.

Bir həftə ərzində, dekabrın 29-dan yanvarın 5-dək isə abonentin qaz pulu 20 qəpikdən hesablanıb.

Şikayətçinin sözlərinə görə, Orta Zəyzid kəndində əksər abonentlərə anoloji hadisə ilə qarşılaşıblar.


Hələ dekabrın 18-də Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı qaz abonentlərinə müraciət edərək diqqətli olmalarını bildirib və “Azəriqaz”ı fırıldaqçılıqda ittiham edib.

O bildirirdi ki, “Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutub.

“Bildiyiniz kimi, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanda 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Limiti qalmış və yaxud limiti keçmiş abonentlərin sayğaclarının üzərindəki göstəricilər qanuna uyğun qaydada 25.12.2017-ci il tarixdən 28.12.2017-ci il tarixədək oxunub bütün abonentlərə bildirişlər paylanılmalıdır.


Lakin abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutublar.

Bunun üçün bütün abonentlərin öz sayğac göstəricilərini 28.12.2017-ci il tarixdə oxuyub bir yerə qeyd etmələri məqsədəuyğun hesab olunur. Əks tədqirdə büdcənizə ziyan dəyə bilər. Qeyd edək ki, sərfiyyat oxuyan aparatin tarixi 15-gün öncəki günlərə çəkilib”, – deyə Mirvari Qəhrəmanlı bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev BAKU.WS-ə açıqlamasında Mirvari Qəhrəmanlının iddiasını təkzib edib.

“Tarif Şurasının qərarında heç bir dəyişiklik yoxdur. Limitlər dekabr ayının sonunda sıfırlanacaq. 2018-ci il yanvar ayının 1-dən isə yeni limitlər tətbiq olunacaq.

Hər bir abonent sayğacın üzərindəki sərfiyyata nəzarət edə bilir. Ona görə, sərfiyyat oxuyan aparatin tarixi 15-gün əvvələ çəkilməsi iddiası əsassızdır”, – deyə İbrahim Kəlbəliyev bildirib.

Gununsesi.info