AZAL “Ruslan”ı alacaq

  • By admin
  • 13 İyul 2016 13:10

600@0

 

Azərbaycan nümayəndə heyəti “Farnborough Airshow – 2016” aviasalonu çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə mühüm razılaşmalar əldə edib. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada “Farnborough Airshow – 2016” Beynəlxalq aerokosmik salonunda iştirak edib.

Gununsesi.info-ya AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan tərəfi “Boeing”, “İlyuşin”, “Antonov” və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparılıb. “Boeing” şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə keçirilən görüşdə 2018-2020-ci illərdə 10 ədəd Boeing 737 MAX təyyarəsinin tədarükü məsələsi müzakirə olunub. Eyni zamanda görüşdə sözü gedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib. AZAL rəhbəri eyni zamanda “Ukrayna aviatikinti şirkəti” Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və “Antonov” dövlət müəssisəsinin Prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda Аn-178 nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələdə müzakirəsini davam etdiriblər. Həmçinin “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov və “İlyuşin Finans Ko.” şirkətinin Baş Direktoru Aleksandr Rubtsov arasında МC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni МС-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalayıb. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub. Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan Аn-124-100 (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanıb. Cahangir Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) Prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni Silk Way Holdingin Prezidenti Zaur Axundov və “İlyuşin Finans Ko.” şirkətinin Baş Direktoru Aleksandr Rubtsov imzalanıb.

“Аn-124-100 (Ruslan) təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk” –deyə,  Cahangir Əsgərov bildirib.

Gununsesi.info