AzTV-dən çıxarılan jurnalist narazılıq etdi - HİYLƏGƏR VƏ NAQİSLƏR...

  • By admin
  • 19 Fevral 2019 18:21
 
Arif Alışanovun sədrlikdən çıxarılmasından sonra kanaldakı 25 illik fəaliyyətinə son qoyulan AZTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Aslanov televiziyadakı illəri və işdən çıxarılması barədə qalmaqallı status yazıb. 
Gununsesi.org-un xəbərinə görə, jurnalist AZTV-də keçirdiyi illəri xoş təəssüratla xatırlayıb və ad çəkmədən onu işdən qovanlara sərt mesaj da verib: “Bir zaman ağlıma belə gətirə bilməzdim ki, illər belə tez gəlib ötüşəcək. Üzərindən adlayıb keçdiyim 17 il mənim üçün son dərəcə məhsuldar, çətin və şərəfli həyat tərzi, yuxusuz gecələr, təlatümlü hadisələrlə yadda qaldı. Uzun illər Ukraynada çalışmağım Azərbaycan Televiziyasını beynimdə, ruhumda və düşüncəmdə doğma ocaq, isti ev obrazına çevirdi. Bu doğma ocaqla yollarımız müvəqqəti ayrılsa da, mənəvi bağlılığımız daha da möhkəmləndi. Bu mənada harada yaşamağımdan və çalışmağımdan asılı olmayaraq, Azərbaycan Televiziyasını hər zaman minnətdarlıq hissi ilə xatırlayacağam. Çünki 1994-cü ildən başlayaraq bu müqəddəs ocaqda 25 il fasiləsiz çalışmağım həyatda mənə çox böyük uğurlar qazandırdı”. 
Jurnalist AZTV-də işə başladığı ilk illəri də xatırlayıb: “İlk işə başladığım illər Azərbaycan üçün çox çətin və sınaq dolu illər idi. Şükürlər olsun, ulu öndərimiz Heydər Əliyevin dəmir iradəsi və zəngin həyat təcrübəsi nəticəsində Azərbaycan bütün çətinlikləri arxada qoydu. Müstəqil dövlətimiz inkişaf edərək, dünyanın ən aparıcı ölkələrindən birinə çevrildi. Biz isə qələmə sarılaraq, bu müqəddəs yolun sıravi əsgəri kimi əlmizdən gələni əsirgəmədik. Bu mənada AZTV və onun yaradıcı kollektivi gecə-gündüz milli mənəvi dəyərlərimizin keşiyində durmaqla yanaşı, müstəqil dövlətimizin xoş gələcəyə gedən yoluna işıq salmağı bacardı. Bu illər içərisində Azərbaycan Televiziyasına rəhbərlik etmiş, rəhmətlik Babək Hüseynoğluna, çox dəyərli ziyalılarımız olan Nizami Xudiyevə, Arif Alışanova, o cümlədən, ana televiziyamızın texniki işçilərindən tutmuş bütün qələm dostlarıma mənə bəslədikləri doğma və isti münasibətlərinə görə dərin minnətdarlığımı bildirirəm”.
M.Aslanov AZTV-nin yeni rəhbərliyi haqda da yazıb: “AzTV-nin yeni rəhbərliyinə gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Televiziyası ölkəmizin teleməkanında hər zaman liderliyini qoruyub saxlayacaq. Çox qürurluyam ki, Ukraynada Şərqi Avropa ölkələrində çalışdığım illərdə qarşıma qoyduğum bir amala xidmət etdim. Harada oldumsa, yalnız ən yaxşını seçib onun haqqında yazdım. Bir kimsə ilə problemim olmadı. Olanlarla isə ideoloji fikir ayrılığımız oldu və düşünürəm ki, bu sona qədər də davam edəcək. Bu illər içərisində sevindiyim ən ümdə məsələlərdən biri isə vaxtilə Azərbaycan iqtidarına qara yaxan bəzi insanların sonuc olaraq dahi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin qarşısında ikiqat əyilərək səhv düşüncədə olduqlarını nümayiş etdirmələrini müşayiət etməm oldu. Təbii ki, bunu nə qədər ürəkdən və yaxud hiyləgərlikdən etmələrini zaman göstərəcək. Aysberqin görünən tərəfi isə ondan ibarətdir ki, o hiyləgərlər və naqislər vaxtilə etdiklərini bildiyimdən və gördüyümdən Bakıdakı bəzi havadarlarının kölgəsinə sığınaraq, daima haqqımda şər və böhtan kampaniyası apardılar. Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar. Satılanı satdılar, alınanı aldılar, amma yel qayadan nə aparar ki?! Bu da keçər deyib, yoluma davam etməkdəyəm. Çünki pis pisliyindən əl çəkmirsə, mən yaxşılığımdan niyə əl çəkməliyəm? Allahdan bizlərə əmanət olan bu fəlsəfə devizimdir!
Mösum Aslanov bundan sonrakı fəaliyyətilə bağlı yazıb: “Mənə müxtəlif media və televiziyalarda iş təklifi edən bütün dəyərli dostlarıma öz dərin minnətdarlığımı bildirirəm. Mənim bundan sonra harada işləyəcəyimlə bağlı maraqlanan dostlarıma isə bildirmək istəyirəm ki, övladlarımın Ukraynada təhsil almalarını nəzərə alaraq bir müddət Kiyev şəhərində yaşayacaq, öz sevimli peşəmlə məşğul olacağam. Öz dövlətçilik prinsiplərimə sadiq qalaraq, doğma Vətənimiz üçün çalışacağam”.