“BƏƏ ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir” - SƏFİR

  • By admin
  • 02 Dekabr 2019 23:06

BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlər var.

Gununsesi.org xəbər verir ki, bunu Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 48-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi deyib.

M.Alqubaisinin sözlərinə görə, hər iki ölkə arasında ticarət, iqtisadiyyat və mədəniyyət sahəsində əlaqələr inkişaf edir:

“Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. Belə ki, BƏƏ-nin iqtisadiyyat naziri Sultan Əl-Mansurinin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə 4-cü BƏƏ – Azərbaycan Ticarət Məclisi keçirildi. Bu məclis olduqca səmərəli keçdi.

Şübhəsiz ki, bu göstərici və nailiyyətlər iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərimizin nəticəsidir”.

 

 

Gununsesi.org