Bərbad vəziyyətdə olan Bakı Dövlət Sirki – VİDEO

  • By admin
  • 13 Noyabr 2019 11:13

2003-ci il, yeni il şənliyi zamanı Bakı Dövlət sirkında yaşanan bədbəxt hadisəni yəqin ki, çoxumuz xatırlayırıq. Belə ki, yellənçəyin yetəri qədər möhkəm bərkidilməməsi nəticəsində iki uşaq dünyasını dəyişmişdi, 5 nəfər isə ağır yaralanmışdı. Yaralananların arasında o vaxt 13 yaşı olan Tahir də vardı. O Tahir ki, hadisədən sonra ömürlük fiziki məhdudiyyətli qalmağa məhkum olub.

Gununsesi.org xəbər verir ki, BAKU.TV bərbad vəziyyətdə olan Bakı Dövlət Sirki ilə bağlı süjet hazırlayıb.

Zərərçəkmişlərdən Tahir İsgəndərli başına gələnlər barədə danışarkən deyib ki, 30 dəqiqə komada qalıb: “O günü çox yaxşı xatırlayıram. Çox güclü zərbə ilə yerə düşdüm. Yelləncəkdə olan dəmir isə çənəmin üstünə düşdü. 30 dəqiqə komada qalmışam”.

Bir neçə gün əvvəlsə jurnalist Ülviyyə İsmayılova sosial şəbəkədə sırkdəki bərbad vəziyyət haqda fotolar paylaşıb və yazıb ki, zalda havalandırma sistemi yoxdur. Təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha pis vəziyyətdədir.

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov isə deyir ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyəyə gətirilməsi texniki baxımdan həddindən artıq çətindir: “Sirkdə texniki cəhətdən çox ciddi problemlər var. O dövrdə su sirki üçün tikilən hovuz, havalandırma sistemi  artıq sıradan çıxıb”.

Baxmayaraq ki, həyəcan təbili çalınmağa başlayıb, təkcə süjetin hazırlandığı gün tamaşanı izləmək üçün gələnlər həddindən artıq çox olub. Və kim bizi əmin edə bilər ki, 16 il bundan əvvəl yaşanan bədbəxt hadisə yenidən təkrarlanmayacaq!?

 

Gununsesi.org